Dünya
505
08 Sep 2025 | 20:48

"Rusiya Ukraynada strateji məğlubiyyətə uğrayıb" - Britaniyalı admiral

 

"Əgər bir ilbiz 2022-ci ildə Rostovdan yola çıxsaydı, indi Polşa sərhədinə çatardı, amma Rusiya ordusu hələ də Ukraynada ilişib qalıb..."

ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı yeni, "ikinci mərhələ" sanksiyalara hazır olduğunu bəyan edəndən sonra Kreml sərt reaksiya verib. Moskva bəyan edib ki, "heç bir sanksiya Rusiyanın mövqeyini dəyişə bilməz".

Moderator.az xəbər verir ki, bu barədə "Sky News" nəşri yazıb.

ABŞ-ın yeni sanksiya planları və Kremlə mesaj

Nəşr yazır ki, bütün bunlara rəğmən, Qərbin təzyiqi getdikcə artır: ABŞ maliyyə naziri Skott Bessent açıq şəkildə Putinə sülh danışıqlarına məcbur etmək üçün bütün iqtisadi rıçaqlardan istifadə ediləcəyini vurğulayıb. Bu bəyanatlar Rusiyanın hərbi eskalasiyası fonunda səslənib.

"The Washington Post"un yazdığına görə, 2025-ci ilin iyun və iyul aylarında Rusiya 11 mindən çox dron, yüzlərlə qanadlı və ballistik raket buraxıb. Bu, müharibə başlayandan bəri rekord göstəricidir. Həmin aylarda 500-dən çox mülki şəxs həlak olub, minlərlə insan yaralanıb. BMT vurğulayır ki, bu, son üç ilin ən qanlı dövrü olub.

Ekspertlər bildirir ki, daimi həyəcan siqnalları və partlayışların gurultusu Ukrayna şəhərlərində həyat tərzini tam dəyişib: yuxusuz gecələr, kütləvi stres və ürək-damar xəstəliklərinin artması artıq müharibənin bioloji fəsadlarına çevrilib.

Putinin strateji dalanı və NATO-nun güclənməsi

Bütün bu fon isə Rusiyanın strateji iflasını daha aydın göstərir. Britaniya hərbi rəhbərliyinin keçmiş başçısı admiral Toni Radakin Putinin planlarını "ulduzlararası uğursuzluq" adlandırır. Onun sözlərinə görə, Rusiya ordusunun Ukraynada irəliləyişi o qədər yavaşdır ki, "əgər bir ilbiz 2022-ci ildə Rostovdan yola çıxsaydı, indi Polşa sərhədinə çatardı, amma Rusiya ordusu hələ də Ukraynada ilişib qalıb".

Kremlin əsas məqsədlərindən biri NATO-nu zəiflətmək idi, amma nəticə tam əksinə oldu: Alyans genişlənərək 32 üzv dövləti birləşdirdi. Bu, Putinin həm siyasi, həm də hərbi məğlubiyyətini göstərir. Paralel olaraq, Rusiya iqtisadiyyatı dərin böhran yaşayır - qiymətlər qalxıb, neft gəlirləri azalıb, inflyasiya isə gündəlik həyatı çətinləşdirir.

Beləliklə, ABŞ və müttəfiqlərinin yeni sanksiyalar mərhələsi Moskvanın iqtisadi dirənişini daha da zəiflədir, Ukraynanın müqaviməti isə Kreml üçün bu müharibəni getdikcə daha böyük fəlakətə çevirir.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər