"Vyetnam dronları texnologiyada yüksəlişin simvoludur..."
Son illərdə Vyetnamın adı yalnız ucuz istehsal bazarı kimi deyil, həm də yüksək texnologiyaların inkişafında ön sıralarda çəkilir. Ən böyük nümunələrdən biri isə "RtR Company" (Real-time Robotics VN) tərəfindən hazırlanmış "Hera" dronudur.
Moderator.az xəbər verir ki, bu barədə "vietnam.vn" nəşri yazıb.
Vyetnamdan texnologiya möcüzəsi
Nəşr yazır ki, bu aparat 2022-ci ildə təqdim olunandan sonra beynəlxalq bazarda öz yerini möhkəmləndirib. 2024-2025-ci illərdə Alyaskada keçirilən sınaq uçuşları isə "Hera"-nı əfsanəyə çevirib: ekstremal şaxta (-250°C-dən -300°C-yə qədər) və güclü külək şəraitində yalnız o, bütün tapşırıqları uğurla yerinə yetiriv. Ən önəmlisi - bu texnologiya tamamilə Vyetnamda icad edilib, dizayn olunub və istehsal edilib.
Yeni icadlar: "Omni Sight" və "Sky Watch 360"
"Hera" uğurundan sonra komandası yeni layihələrlə çıxış edib. Onlardan biri "Omni Sight Gimbal" adi stabilizatorlardan fərqli olaraq eyni anda iki kamera daşıya bilir və 360 dərəcəlik baxış bucağını həm üfüqi, həm də şaquli təmin edir. Bu, faktiki olaraq "qekkon gözləri"ni xatırladan texnologiyadır - hər iki "göz" ayrıca hərəkət edir, lakin mərkəzi "beyin" onları koordinasiya edir.
Digər yenilik "Sky Watch 360" dronudur. Bu, dörd EO-IR kamerayla təchiz edilmiş və fasiləsiz uçuş imkanı olan ilk drondur. Xilasetmə əməliyyatlarında, məsələn, Halonq körfəzində gəmi qəzası zamanı, o, 100 metr yüksəklikdən 20 km-dən çox məsafədə 360 dərəcəlik müşahidə imkanı yaradır. Hər iki yenilik 2025-ci ilin sentyabrında Las-Veqasdakı "Commercial UAV Expo" sərgisində təqdim olunacaq.
Patentin gücü: Vyetnam texnologiyasının sübutu
"RtR Company" artıq ABŞ və Avstraliyada 14 patent üçün müraciət edib, onlardan 5-i təsdiqlənib. Bunlar arasında: ən kiçik, amma ən çox yük daşıya bilən dron texnologiyası; eyni anda iki kamera daşıya bilən stabilizator; çiyin raketləri ilə təchiz olunmuş yüngül dronlar var.
Şirkətin təsisçisi, iqtisadçı alim doktor Lıonq Viet Kuok hesab edir ki, əsas texnologiyalara sahib olmaq uğurun açarıdır: istehsal və montaj cəmi 3-4 faiz dəyər gətirir, amma ixtira və patentlər gəlirin 60 faizini təşkil edir. Kuok misal gətirir: 20 il əvvəl Çin yalnız saxta məhsullarla tanınırdı, bu gün isə DJI (dronlar), BYD (elektromobillər), CATL (batareyalar) kimi dünya liderləri yetişdirib. Onların gücü məhz patentlər və ixtiralardadır.
Elm və innovasiya: Vyetnamın gələcək yolu
2024-cü ilin sonunda qəbul edilən 57 saylı Rəyasət Heyəti Qərarı Vyetnam üçün elm və texnologiyada "sıçrayış" hədəfini qoyur. Hökumət hazırda ÜDM-in 0,4 faizini tədqiqat və inkişafa (R&D) ayırır, məqsəd isə bunu 2 faizə çatdırmaqdır. Müqayisə üçün: İsrail 6 faiz, Cənubi Koreya 4,9 faiz, ABŞ 3,5 faiz ayırır. Kuok düşünür ki, doğru siyasət və institut islahatları ilə Vyetnam da bu yolun öhdəsindən gələ bilər:
"Tək yol - yaradıcılıqdır. İnnovasiyaya sərmayə qoymayan ölkə heç vaxt texnologiyada lider ola bilməz". Kuokun fikrincə, Vyetnamın gənc mühəndisləri böyük potensiala sahibdir. Onlar texniki çətinliklərə tab gətirir, yüksək intensivliklə işləyə bilirlər. Lakin ən zəif tərəfləri mükəmməllik arzularının zəif olmasıdır, bu da onları, məsələn, yaponlardan fərqləndirir.
Şəxsi yol və fəlsəfə
İqtisadçı olmasına baxmayaraq, Kuok özünü mühəndislikdə yetişdirib, komandaya rəhbərlik edir və beynəlxalq ekspertlərlə birgə işləyərək Vyetnam texnologiyasına dünya səviyyəsində ad qazandırır. Çətin uşaqlıq və yoxsulluq ona güclü iradə verib. Onun həyat fəlsəfəsi sadədir - elmə və təhsilə inadkar yatırım, yaradıcı düşüncə və ən əsası, "minnətdarlıq". Qızına ötürmək istədiyi yeganə dəyər də məhz budur.
Vyetnam artıq yalnız ucuz istehsal ölkəsi deyil, texnologiyada liderliyə iddialı dövlətdir. "Hera", "Omni Sight" və "Sky Watch 360" kimi ixtiralar göstərir ki, düzgün strategiya, güclü elm siyasəti və yaradıcı iradə ilə bu ölkə yaxın illərdə dünya texnologiya xəritəsində ön sıralara çıxacaq.