Dünya
423
11:50, Bu gün

"Putin və Tramp: sülh danışıqları nəticəsiz, ultimatumlar davam edir" - Qərb mətbuatı

"Kreml yalnız öz şərtləri ilə razılaşır, Tramp isə sərt təzyiqlərdən yayınır..."

Rusiya ilə Ukrayna arasında sülh danışıqları faktiki dalana dirənib. Vladimir Putin açıq şəkildə bəyan edib: ya Ukrayna Kreml tərəfindən irəli sürülən şərtləri qəbul edir, ya da müharibə davam edəcək.

Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.

Putinin şərtləri - güzəştsiz mövqe

Rusiya lideri Zelenski ilə görüşə yalnız o halda hazır olduğunu söyləyib ki, Ukrayna prezidenti Moskvaya gəlsin. Bu isə beynəlxalq ictimaiyyət tərəfindən siyasi "trolling" kimi dəyərləndirilib. Putinin mövqeyi dəyişməyib: Ukrayna Donbasdan, NATO üzvlüyündən və Qərb qoşunlarının ölkədə yerləşməsindən imtina etməlidir. Ən yaxşı halda Kremlin "güzəşt" anlayışı Xerson və Zaporojyedə cəbhə xəttinin dondurulmasıdır.

Eyni zamanda, Rusiya artıq beş vilayəti "ilhaq" etdiyini elan edib, amma Ukrayna onların bir hissəsinə, o cümlədən Xerson və Zaporojye şəhərlərinə nəzarəti saxlayır. ABŞ rəsmilərinə görə, Kreml bu şəhərlərdən imtina edə bilər, lakin Donetsk və Luqanskın əlavə 6 min kvadrat milini tələb edir. Bu ərazilər həm strateji müdafiə mövqeləri, həm də 250 minə yaxın əhali ilə kritik əhəmiyyət daşıyır.

Trampın diplomatiyası - boş sözlər

Donald Trampın səkkiz ay davam edən təşəbbüsləri də vəziyyəti dəyişməyib. O, Putinə sanksiyalar və ultimatumlarla hədələsə də, reallıqda heç bir təzyiq addımı atmayıb. BBC müşahidəçilərinin fikrincə, bu da Kremlin özünü daha güclü hiss etməsinə səbəb olub. "The Telegraph" isə yazır ki, Tramp "Putini sıxışdırmaq istəmir", sadəcə gurultulu bəyanatlarla kifayətlənir. ABŞ Ukraynaya silah göndərməyə davam edir, amma yalnız kommersiya şərtləri ilə. Bu da Vaşinqtonun Kiyevə qarşı əlavə rıçaq əldə etməsinə, Ukraynanın isə başqa dəstək mənbələri axtarmasına səbəb olur.

Sülh yolu - fərqli "tunellərdə"

BBC analitiki Stiv Rozenberqin sözlərinə görə, Putin "tunelin sonunda işıq" görür, amma bu işıq Rusiyanın qələbəsinə və Moskva üçün əlverişli yeni dünya düzəninə aparan işıqdır. Ukrayna və Avropa isə öz "tunelində" - müharibəni dayandırmaq, Kiyev üçün təhlükəsizlik zəmanətləri və gələcəkdə yeni hücumların qarşısını almaq üçün güclü ordu qurmaq hədəfi ilə hərəkət edir. Nəşr qeyd edir ki, Avropada son 80 ilin ən qanlı müharibəsi davam edir, danışıqlar isə boş səs-küydən o tərəfə keçməyib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər