"Amerikanın çökmüş imici və yüksələn avtokratlar..."
Donald Trampın ikinci prezidentlik dövrü ABŞ-ın beynəlxalq nüfuzunu dağıdıb və bu boşluqdan Çin, Rusiya və Şimali Koreya kimi avtokrat rejimlər məharətlə istifadə edir.
Moderator.az xəbər verir ki, bu barədə "The Atlantic" nəşrində dərc edilən geniş məqalədə deyilir.
Məqaləyə görə, artıq ABŞ düşmənləri üçün deyil, daha çox öz müttəfiqləri üçün problemə çevrilib. Trampın siyasəti nəticəsində Vaşinqton getdikcə daha çox gülüş obyektinə çevrilir və dünya liderləri ona ciddi yanaşmırlar.
Avtokratların sammiti və Trampın təcridi
Pekində keçirilən böyük hərbi parad və diktatorların sammiti ABŞ prezidentinin beynəlxalq səhnədən necə kənarda qaldığını açıq göstərdi. Bu tədbir Yaponiya imperiyasının kapitulyasiyasının 80 illiyinə həsr olunmuşdu. Hətta Lukaşenkoya dəvət göndərilsə də, ABŞ prezidenti siyahıda yox idi, halbuki Yaponiyanın məğlubiyyətində əsas payı ABŞ daşıyırdı. "The Atlantic" bu mənzərəni Alyaskada keçirilən sammitlə müqayisə edir. Orada Tramp diplomatik fiaskoya uğramışdı, Pekində isə Putin, Si Tszinpin və Kim Çen In Çin hərbi gücünü nümayiş etdirərək həmrəyliyini göstərdi.
Hindistan və Çin: gözlənilməz yaxınlaşma
Trampın proteksionist siyasəti nəticəsində ABŞ uzun illər bir-birinə düşmən olan Hindistan və Çin arasında qəribə yaxınlaşmanı təşviq etdi. Ağ Ev rəhbərinin sərt ticarət tarifləri iki ölkəni bir-birinə tərəf itələyərək Vaşinqtonu kənarda qoydu. Jurnal Trampın Pekin tədbirinə çağırılmamasına sosial şəbəkələrdə verdiyi isterik reaksiyanı "üçüncü dərəcəli liderin davranışı" adlandırır.
Trampın şəxsi ambisiyaları dövlət siyasətindən üstündür
"The Atlantic"-in müəllifinə görə, Tramp prezidentlik kreslosuna ölkənin problemlərini həll etmək üçün yox, şəxsi məqsədlər naminə - ən azı həbsdən yayınmaq üçün oturub. Onun xarici siyasətə baxışı sadəcə şəxsi nüfuzunu möhkəmləndirmək, hətta Nobel sülh mükafatı qazanmaq istəyindən ibarətdir. Əgər ilk prezidentlik dövründə Trampı təcrübəli məmurların komandası xilas edirdisə, bu dəfə o, yalnız şəxsi sədaqətinə görə seçdiyi, lakin bacarıqsız adamlarla əhatələnib.
ABŞ-ın boş qalan sükanı
Məqalədə vurğulanır ki, Amerika indi istiqamətsiz bir gəmini xatırladır: ardıcıl xarici siyasət xətti yoxdur, milli müdafiə və diplomatiyaya rəhbərlik edəcək peşəkar komanda yoxdur. Dünyaya laqeyd bir prezident var və dünya da ona laqeyd münasibət göstərir. Pekində toplaşan Putin, Si Tszinpin və Kim Çen In - yüzlərlə nüvə başlığını ABŞ-a tuşlayan üç avtokrat özlərini elə aparırlar ki, sanki Tramp və onun dövləti artıq onların siyasi gündəmində belə yoxdur.
Trampın qəribə qərarları
Məqalə xatırladır ki, ikinci kadensiyasında Tramp daha da qeyri-adi addımlar atıb: ABŞ-ın müttəfiqlərinə, o cümlədən Kanadaya və Danimarkaya ərazi iddiaları irəli sürüb; Meksika körfəzini "Amerika körfəzi" adlandıraraq xəritədə dəyişiklik edib; Müdafiə Nazirliyini "Müharibə Nazirliyi" adlandırıb; daim Nobel sülh mükafatı tələb edir, bu hətta Hindistan baş naziri ilə münasibətlərin gərginləşməsinə səbəb olub.
"The Atlantic"-in qənaətinə görə, ABŞ indi supergüc kimi deyil, təcrid olunmuş və qeyri-ciddi liderin idarə etdiyi bir dövlət kimi görünür. Bu boşluqdan isə dünya avtokratları istifadə edir, mövqelərini möhkəmləndirir və Qərb sisteminə meydan oxuyurlar.