Xamenei İranı hara aparır? - VİDEO
Dünya
123
18:40, Bu gün

Xamenei İranı hara aparır? - VİDEO

Ötən ay İranda otuza yaxın partiyanın birləşdiyi "İslahat Cəbhəsi"nin böyük səs-küyə səbəb olan bəyanatında hazırkı tarixi dönəmdə ölkənin qarşısında üç yolun olduğu göstərilib:

a) kövrək atəşkəs və qeyri-müəyyən gələcək şəraitində hazırkı vəziyyətin davam etməsi;

b) ötən 22 ildə olduğu kimi, böhranın kökünü aradan qaldırmadan vaxt qazanmaq üçün taktiki danışıqlara əsaslanan təcrübənin təkrarlanması;

c) dövlət strukturunu islah etmək, azad seçkilər yolu ilə xalq hakimiyyəti prinsipinə qayıtmaq və total nəzarəti aradan qaldırmaq, digər tərəfdən, gərginlik yaratmağa və beynəlxalq izolyasiyaya son qoymaq məqsədilə milli barışıq yolunu seçmək, daxildə və xaricdə düşmənçilikdən əl çəkmək.

Bu barədə "Azad İran" "YouTube" kanalında dərc edilən yeni videotəhlildə qeyd olunur.

Müəllif qeyd edir ki, ölkənin xilasının üçüncü yolda olduğunu vurğulayan islahatçı qüvvələr İranda əsaslı dəyişikliklərin reallaşması üçün 11 bənddən ibarət yol xəritəsi irəli sürüblər:

"Burada siyasi məhbusların azadlığa buraxılması, ABŞ ilə birbaşa danışıqlara başlanması, SEPAH-ın siyasət, iqtisadiyyat və mədəniyyət sahələrinə müdaxiləsinə son qoyulması, qadınların hüquq və azadlığının təmin edilməsi kimi təkliflər yer alıb".

Süjetdə qeyd olunur ki, rəsmi medianın və hakimiyyət təmsilçilərinin reaksiyaları İslam Respublikası rejiminin hər hansı ciddi dəyişikliklərə getmək niyyətində olmadığını üzə çıxarıb.

"Belə ki, verilən şərhlərdə bəyanatdakı təkliflərin ABŞ və İsrailin istəklərinə uyğun olduğu bildirilib. Hətta İran ali rəhbərinin nəzarətində olan "Keyhan" qəzeti onu "Netanyahunun çıxışının farscaya tərcüməsi" adlandırıb. Qum Elmi Hövzəsi Tələbələrinin Assosiasiyası bəyanat yayaraq, "İslahat Cəbhəsi"nin bəyanatının "milli xəyanətin nümunəsi" olduğunu iddia edib. "İslahat Cəbhəsi"ni Qərbin beşinci kolonu adlandıranlar, onu təslimçilikdə və ölkənin milli təhlükəsizliyinə zərbə vurmaqda ittiham edənlər, İslam İnqilabının prinsiplərinə qarşı qiyam qaldırmaqda suçlayanlar da olub. İran ali rəhbəri ofisinin rəsmi orqanı olan "İranın səsi" internet qəzeti islahatçılara müraciətlə "Düşmənin avtomatının darağını doldurmayın!" adlı baş məqalə dərc edib. Nəhayət, İran Məhkəmə Hakimiyyətinin rəhbəri Qulamhüseyn Mohseni-Ejei bildirib ki, həmin bəyanat düşmənin istəyinə uyğundur və Tehran prokurorluğu qanuna müvafiq surətdə öz vəzifəsini icra edəcək". Bu o deməkdir ki, bəyanatın müəlliflərinə qarşı cinayət işi qaldırıla bilər".

Müəllif bildirir ki, "İslahat Cəbhəsi"nin bəyanatı yalnız "Azadlıq Hərəkatı" adlanan məşhur partiya tərəfindən dəstəklənib. Partiyanın Siyasi Bürosu "ümid etdiyini bildirib ki, İsrailin yeni hücumu ehtimalını və infrastrukturun olmaması nəticəsində yaranan problemləri nəzərə alaraq, hakimiyyət böhranın dərinliyini və ciddiliyini dərk edəcək və vəziyyəti mümkün qədər tez islah etməyə çalışacaq".

"Amma bəyanata hələ də davam edən reaksiyalar göstərir ki, "Azadlıq Hərəkatı"nın ümidinin reallaşacağı ehtimalı olduqca aşağıdır. Belə ki, sözügedən bəyanatdan bir həftə sonra İranın Ali Rəhbəri Əli Xamenei hələlik özünün son publik çıxışında ölkədə dəyişikliklərin yalnız mövcud quruluşun təməllərinə toxunmamaq şərti ilə mümkün olacağını bildirib. "Əgər bu təməlləri tamamlamaq və təkmilləşdirmək istəyirlərsə, bu yaxşıdır, lakin onlar məhv edilməməlidirlər - məhv etmək düşmənin arzusudur", - deyə o vurğulayıb.

Xamenei, həmçinin: "Niyə Amerika ilə birbaşa danışıqlar aparmırsınız, niyə problemləri həll etmirsiniz?" - deyənlərin məsələyə səthi yanaşdığını, İran-ABŞ ziddiyyətinin həllolunmaz olduğunu bildirib və İsraillə son müharibənin də buna görə baş verdiyini söyləyib. Görünən odur ki, Xamenei "İslahat Cəbhəsi"nin qeyd etdiyi üç ssenaridən birincisini (hazırkı vəziyyətin davamı), ən yaxşı halda ikincisini (böhranın kökünü aradan qaldırmadan vaxt qazanmaq üçün taktiki danışıqlar aparmaq) seçəcək. Lakin artıq beynəlxalq şərait dəyişib və Donald Trampın İran hakimiyyətinə belə fürsət verəcəyi, yəni vaxt udmaq imkanı yaradacağı inandırıcı görünmür. Bu halda yeni müharibə ssenarisinin, yaxud tətik mexanizminin işə düşməsi mümkündür ki, bu da İrana yalnız fəlakət vəd edir".

Müəllif xatırladır ki, dünən Fransanın məşhur "Mond" qəzeti "İran Tramp, Avropa və Xamenei arasında qalıb" başlıqlı məqaləsində İranın İsraillə 12 günlük müharibədən sonra strateji baxımdan dalana dirəndiyini yazıb. Qəzet bu durumun bilavasitə Xameneinin hərəkətsizliyi və inadkarlığı sayəsində meydana çıxdığını vurğulayıb. Siyasi analitik Əta Məhamed isə önəmli bir məqama işarə edərək Xameneinin dəyişikliyi müharibədən daha təhlükəli saydığını bildirib və yazıb:

"Rejim nöqteyi-nəzərindən müharibə "idarəolunan" bir fenomendir, çünki onun açıq-aşkar düşməni var, təhlükəsizlik və təbliğat aparatlarını tam şəkildə işə salır, hakimiyyət institutlarına fayda verir. Bunun əksinə olaraq, dəyişikliyin konkret düşməni, aydın mühafizə vasitələri və etibarlı dayanma nöqtəsi yoxdur. Dəyişiklik başladıqdan sonra gizli çatları aşkara çıxara və strukturun birliyini içəridən parçalaya bilər"

Artıq bu çatlar və parçalanmalar özünü aydın şəkildə göstərməkdədir və "İslahat Cəbhəsi"nə hücumlar da bunun təzahürüdür. İran Prezidenti Məsud Pezeşkianın çıxışları və onlara reaksiyalar da siyasi elitadakı yanaşma fərqlərinin kəskinliyini göstərir. Belə ki, "İslam Respublikası günü-gündən güclənir", - deyən Xameneidən fərqli olaraq, Pezeşkian İran dövlət televiziyası ilə yayımlanan geniş müsahibəsində ölkənin uçurumun kənarında olduğunu bildirib və tətik mexanizminin işə düşməsinin ciddi fəsadlar törədəcəyini vurğulayaraq deyib: "İranın bütün problemləri sanksiyalardan qaynaqlanır". Prezident geniş rezonans doğuran bir fikir də səsləndirərək əlavə edib: "Hazırda su, elektrik, qaz, pul baxımından bizim vəziyyətimiz süqutun astanasındadır". Bu, Xameneinin rəhbərliyində İranın hansı nöqtəyə gəlib çıxdığının ən aydın ifadəsi sayıla bilər".

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər