Türkiyənin paytaxtı Ankarada yerləşən "BMC Otomativ Sənaye və Ticarət" şirkətində "Altay" tanklarının kütləvi istehsalına başlanılıb.
Moderator.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, şirkətin sədri Fuat Tosyalı layihənin Türkiyə üçün tarixi əhəmiyyət daşıdığını vurğulayıb.
"Bu, milli bir məsuliyyətdir, qürurdur. Tank sənayesinin inkişafı uzunmüddətli mübarizə nəticəsində ərsəyə gəlib. Əgər prezidentimiz bu məsələdə öz iradəsini nümayiş etdirməsəydi, bu layihə reallaşmazdı. Layihənin tərtib olunduğu ilk vaxtdan bu günə qədər biz bu yolda çox sayda uğursuzluq və təxribatla qarşılaşdıq", - deyə Fuat Tosyalı bildirib.
Fuat Tosyalı əlavə edib ki, yerli istehsal olan BATU mühərriki ilə təchiz edilmiş "Altay" tankı sınaqlardan uğurla keçib və tezliklə ordunun silahlanmasına daxil olacaq.
Məlumatda, həmçinin qeyd olunub ki, aerokosmik və aviasiya sənayesinin ixtisaslaşdırılmış mütəşəkkil sənaye zonasında yerləşən zavodda yerli istehsal olan sənaye robotları və müasir istehsal texnologiyalarından istifadə olunur.