Dünya
270
04 Sep 2025 | 21:50

"Avraam Sazişlərinin beş ili: uğurlar, təhlükələr və "qırmızı xətlər" - "Euronews"

 

"Diplomatik miraj, yoxsa davamlı sülhün başlanğıcı?.."

2020-ci ildə imzalanmış Avraam Sazişləri Yaxın Şərqdə nadir diplomatik sıçrayış idi. ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə İsrail və BƏƏ, ardınca Bəhreyn və Mərakeş rəsmi münasibətlər qurdu.

Moderator.az xəbər verir ki, bu barədə "euronews.com" nəşri məlumat yayıb.

Normallaşma diplomatiyası ilə reallıq arasında

Nəşr qeyd edir ki, bu proses bölgəyə yeni üfüqlər açdı: təhlükəsizlik əməkdaşlığı, turizmin artması, texnologiya layihələri və İranın təsirinə qarşı birgə koordinasiya. Hətta Səudiyyə Ərəbistanının qoşulma ehtimalı illərdir ən böyük diplomatik mükafat kimi göstərilir.

BƏƏ-nin xəbərdarlığı: "Qırmızı xətt"

İsrail hökumətində bəzi radikal nazirlərin Qərb Sahilinin böyük hissəsini ilhaq planı ortaya çıxanda, BƏƏ açıq şəkildə xəbərdarlıq edib: bu addım Abu-Dabinin "qırmızı xətti"dir və Avraam Sazişlərinin gələcəyini sual altına qoya bilər. Rəsmi Abu-Dabi bildirir ki, iki dövlətli həll perspektivini məhv edən hər bir cəhd bölgə inteqrasiyasını dayandıracaq və tarixi diplomatik uğuru boş simvola çevirəcək.

Bu xəbərdarlıq Qəzzada davam edən müharibə, minlərlə qurban və humanitar böhran fonunda səslənib. BMT-nin məlumatına görə, təsdiqlənmiş qurbanların əksəriyyəti qadın və uşaqlardır. İsrailin artan beynəlxalq təzyiqlə üzləşdiyi bir vaxtda BƏƏ-nin mövqeyi Avraam sazişlərinin dayanıqlığına dair ciddi siqnal olub.

Beş ilin balansı

İsrailin nüfuzlu tədqiqat mərkəzlərində aparılan müzakirələr göstərir ki, Avraam Sazişləri yalnız başlanğıc idi. ABŞ diqqətini Çinə və Ukraynaya yönəltdikcə, normallaşmanın enerjisi zəifləyir. Bürokratik maneələr iqtisadi layihələrin tam potensialını boğur, ərəb ictimaiyyətindəki şübhələr isə münasibətləri "soyuq sülh" formatında saxlayır.

Ben-Yaakovun baxışı

Avro-Asiya Yəhudi Konqresinin baş direktoru, dr. Xaim Ben-Yaakov qeyd edir ki, sazişlər bölgənin xəritəsini dəyişsə də, "hələ isti sülh gətirməyib". Onun sözlərinə görə, bir çox mədəni və elmi təşəbbüs bürokratiya və maliyyə çatışmazlığı səbəbindən həyata keçməyib. Hətta BƏƏ-də yəhudi icmasına qarşı təhlükə hissinin artması və 2024-cü ildə baş vermiş faciəvi hadisə bu reallığı daha da ağırlaşdırıb. Ben-Yaakovun fikrincə, gələcəkdə Avraam Sazişlərinin davamlı olması üçün üç əsas şərt var: İsrailin siyasi iradəsi, ABŞ-ın fəal iştirakı və ictimai rəy üzərində ciddi iş. Əks halda, parlaq diplomatik uğur müvəqqəti miraj olaraq qala bilər.

Ümid və risklər içində

Avraam Sazişləri beş il ərzində İsrailə yeni diplomatik üfüqlər, ərəb tərəfdaşlarına isə texnologiya və investisiya imkanı açıb. Amma BƏƏ-nin "qırmızı xətt" xəbərdarlığı göstərir ki, bu proses incə ip üzərində dayanır. Əgər İsrail ilhaq siyasətinə əl atarsa, regionda yaranmış yeni memarlıq dağıla bilər. Və yenə də, dr. Ben-Yaakovun dediyi kimi, bu sazişlər bir həqiqəti sübut edib: Yaxın Şərqdə sülh yalnız gündəlik siyasi iradə və qarşılıqlı etimad hesabına mümkündür.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər