"Ukrayna şəhərlərinə hər gecə ölüm gətirən dronların qanadlarında məhz Pekinin istehsal etdiyi mühərriklər, liflər və çiplər var..."
Çin Ukraynaya qarşı müharibədə Rusiyaya açıq şəkildə neytrallıq nümayiş etdirməsinə baxmayaraq, əslində Kremlin hərbi maşınının gizli "yanacaq mənbəyinə" çevrilib.
Moderator.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşrinin geniş araşdırmasında deyilir.
Çin və Rusiyanın gizli əməkdaşlığı
Araşdırmaya görə, Pekin şirkətləri 2023-2024-cü illərdə sanksiyalar altındakı Rusiya firmalarına azı 55 milyon avro dəyərində mühüm komponentlər - aviasiya mühərrikləri, mikrosxemlər, metal ərintiləri, karbon lifləri və kamera obyektivləri göndərib.
Bu malların 12,5 milyon avroluq hissəsi isə birbaşa Tatarıstandakı "Alabuqa" xüsusi iqtisadi zonasındakı müəssisələrə çatdırılıb. Məhz burada İran istehsalı olan "Shahed" kamikadze dronlarının analoqları yığılır və gecə-gündüz Ukrayna şəhərlərinə ölüm gətirir.
Dronların dağıdıcı rolu
Ukrayna hərbi kəşfiyyatı bildirir ki, Rusiyanın dron arsenalı misilsiz sürətlə artır. Təkcə bu ilin yayında Kreml bir gecədə təqribən 600 dron hücumu həyata keçirib - bu, müharibənin əvvəlindən bəri ikinci ən böyük hava zərbəsi olub. Planlara görə, Moskva ilin sonunadək 2 milyon FPV-dron və on minlərlə uzaqmənzilli pilotsuz aparat istehsal etməyi hədəfləyir.
Ukraynanın zenit sistemlərini zəiflədən bu hücumlar həm cəbhə bölgəsində, həm də dinc şəhərlərdə böyük dağıntılar törədir. Ukrayna hərbçiləri vurulan rus texnikasında Çin mənşəli detallar tapıldığını dəfələrlə təsdiqləyib.
İqtisadi maraqlar və "neytrallıq oyunu"
Çin rəsmən neytral mövqe nümayiş etdirir, Qərbi isə müharibəni uzatmaqda günahlandırır. Amma Pekinin əsl "strateji dostluq" siyasəti başqa məzmun daşıyır. Analitiklər bildirir ki, Çin üçün Rusiya sadəcə siyasi tərəfdaş deyil, həm də 4 200 km-lik sərhədin o tayında yerləşən geosiyasi təminatdır. Bu səbəbdən Pekin Moskvanı tam itirmək riskini heç cür qəbul etmir.
Əlavə olaraq, Çin bu əməkdaşlıqdan böyük iqtisadi qazanc da götürür. 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 246 milyard avro ilə rekord həddə çatıb. Burada əsas yeri məhz "ikili təyinatlı mallar" - həm mülki, həm də hərbi təyinatlı detallar tutur.
Qərbin dilemması
Qərb ölkələri hələlik Çini birbaşa müharibəyə qoşulmuş elan etməkdən çəkinir. Çünki Pekin nə Şimali Koreya kimi açıq silah göndərir, nə də hərbi kontingent göndərir. O, sadəcə "mülki" malları ixrac edir, lakin həmin mallar qısa müddətdə döyüş meydanında drona çevrilir. Almaniya Bundestaqının üzvü Yohann Vadefulun sözləri bu vəziyyəti tam açıqlayır: "Çinin dəstəyi olmasa, Rusiyanın bu cür aqressiv müharibə aparması mümkün olmazdı".
Çin özünü "sülhsevər oyunçu" kimi təqdim etsə də, Ukrayna şəhərlərinə hər gecə ölüm gətirən dronların qanadlarında məhz Pekinin istehsal etdiyi mühərriklər, liflər və çiplər var. Bu, Pekinin həm özünü, həm də Moskvanı qorumaq üçün seçdiyi ikiüzlü strategiyanın bariz nümunəsidir - diplomatiyada neytrallıq göstərir, praktikada isə Kremlin hərbi maşınını "yanacaq"la təmin edir.