Dünya
315
19:23, Bu gün

"Putin blef edir: Rusiyanın yay hücumu fiaskoya uğrayıb" - "Atlantic Council"

"Moskvanın planları iflasa uğrayıb, itkilər isə rekord həddə çatıb..."

İlin əvvəlində Kreml yay hücumunu sanki müharibənin taleyini həll edəcək "böyük dönüş" kimi təqdim edirdi. Vladimir Putin açıq şəkildə bəyan edirdi ki, Ukrayna müqaviməti artıq sınır nöqtəsinə çatıb və Rusiyanın qələbəsi labüddür.

Moderator.az xəbər verir ki, bu barədə Amerikanın "Atlantic Council" analitik mərkəzi yazıb.

Minlərlə insan itkisi ilə cəmi 0,3 faiz irəliləyiş

"Atlantic Council"-in təhlilinə görə, sentyabrın astanasında mənzərə tamamilə fərqlidir - Moskvanın iddialı planı həm hərbi, həm də siyasi baxımdan iflasa uğrayıb. Rusiya ordusu üç ay ərzində Ukraynanın cəmi 0,3 faiz ərazisini ələ keçirə bilib. Üstəlik, bu müddətdə bir dənə də olsun iri şəhər işğal olunmayıb. 

Əsas strateji hədəflər - Pokrovsk, Kramatorsk və Slavyansk hələ də Ukraynanın nəzarətindədir. Daha böyük iddia - Sumı və Xarkovun alınması isə kağız üzərində qalan planlardan başqa bir şey deyil. Ukrayna Baş Qərargahı da kampaniyanı "praktiki nəticə verməyən, ancaq böyük insan itkisinə səbəb olan əməliyyat" adlandırıb.

"Bu sadəcə uğursuzluq deyil, fəlakətdir"

"Aydar" taborunun veteranı Yevgeni Dikiy isə vəziyyəti daha sərt qiymətləndirib: "Rusiyanın yay hücumu tarixi fiaskodur. Onlar yüzlərlə kvadrat kilometrlik ərazi üçün minlərlə əsgərini qurban verdilər, amma heç bir strateji nəticə qazanmadılar. Əksinə, ordunun döyüş qabiliyyəti əvvəlkindən də zəifləyib. Bu qədər zabit və texnika itirildikdən sonra eyni səviyyədə qüvvə yaratmaq artıq mümkünsüzdür".

Ekspertlərə görə, Moskva döyüş meydanında real nəticə qazana bilməsə də, əsas məqsədini təbliğatda axtarır. Putinin əsas "uğuru" Qərbdə və daxildə Rusiyanın hələ də "hücumda olduğu" təəssüratını saxlamaqdır. Bu görüntü isə bəzən Qərbdəki skeptik dairələrdə, eləcə də Donald Trampın sülh planı kimi təşəbbüslərdə istifadə olunur.

Hərbi uğursuzluq - siyasi risklər

Buna baxmayaraq, "Atlantic Council" xəbərdarlıq edir ki, Rusiyanın zəif ordusu hələ də böyük təhlükədir. Çünki Kreml resurslarını tükətməyib - pilotsuz uçuş aparatları, raketlər və ən əsası, sərt siyasi iradə hələ də mövcuddur.

Putinin müharibəni uzatmaq, Qərbin səbrini sınağa çəkmək strategiyası davam edir. Ukraynanın mövqeyi isə dəyişməzdir: Qərbin davamlı dəstəyi davam edərsə, Kiyev təkcə müdafiəni saxlamaq deyil, həm də Rusiyanı geriyə sıxışdırmaq gücünə malik olacaq.

Rusiyanın çox iddialı başladığı yay hücumu nəinki müharibənin taleyini dəyişib, əksinə, Moskvanın zəif tərəflərini daha da açıq göstərib. İndi Putin yalnız blef və təbliğat vasitəsilə üstünlük qazanmağa çalışır. Amma Ukrayna üçün əsas dərs budur: qələbənin açarı Qərbin dəstəyindədir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər