Suriyada "İŞİD gəlini" kimi tanınan 40 avstraliyalı qadın sərbəst buraxılacaq və ölkələrinə göndəriləcək.
Bu barədə Moderator.az "Haber Global"a istinadən xəbər verir.
Məlumata görə, Suriyanın şimalındakı qaçqın düşərgəsində təcrid olunmuş "İŞİD gəlinləri" son mərhələdə olan olduqca məxfi əməliyyat sayəsində Milad bayramına qədər evlərinə qayıtmağa hazırlaşırlar.
"The Australian" qəzetinin məlumatına görə, qadınlar, uşaqlar və bir neçə gənc kişi düşərgələrdən təxliyə edilərək ölkələrinə qaytarılacaqlar. Kanberradakı yüksəkvəzifəli dövlət məmurları məhbusların ailələri və qeyri-kommersiya təşkilatları ilə gizli və koordinasiyalı şəkildə çalışaraq, qonşu ölkələrdən səyahət sənədləri hazırlayır və icazələr alırlar. Avstraliyaya qayıtdıqdan sonra müxtəlif federal və əyalət hökumət qurumları qrupa dəstək olmaq və onları cəmiyyətə yenidən inteqrasiya etmək üçün birlikdə işləyəcəklər.
Bildirildiyinə görə, Suriyadakı "Ər-Roji" düşərgəsində 14 qadın və ən kiçiyi hələ 5 yaşında olan 20 uşaq saxlanılır. 2013-cü ildə xilafət elan edildikdən sonra Qərb ölkələrindən 600-850 qadının İŞİD-ə (İraq Şam İslam Dövləti) qoşulmaq üçün İraq və Suriyadakı münaqişə bölgələrinə getdiyi ehtimal edilir. 2019-cu ildə İŞİD-in süqutundan sonra əksəriyyəti azyaşlı uşaqları olan 40-a yaxın "İŞİD gəlini" Suriyadakı saxlanılma düşərgələrinə göndərilib.