Dünya
609
18:42, Bu gün

"Ukrayna Qərbin təhlükəsizlik zəmanətlərinə inanmır və silah istehsalını artırır" - "The New York Times"

 

"Kiyev Qərbin qeyri-müəyyən vədlərinə deyil, öz silah sənayesinə güvənərək təhlükəsizliyini təmin etməyə çalışır..."

Ukrayna artıq Qərbin təhlükəsizlik zəmanətlərinə arxalanmağın riskli olduğunu anlayır. 1994-cü ildə imzalanmış Budapeşt Memorandumu buna ən acı nümunədir.

Moderator.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri yazıb.

Zəif vədlər əvəzinə real güc

Nəşr qeyd edir ki, Memoramdumda nüvə arsenalından imtina qarşılığında verilmiş suverenlik zəmanətləri sonradan kağız üzərində qaldı. Bu səbəbdən Kiyev indi özünü qorumağın ən etibarlı yolunu milli müdafiə sənayesinin gücləndirilməsində görür.

Nəşr yazır ki, Ukrayna çoxmilyardlıq silah istehsalı proqramı həyata keçirir, bunun maliyyəsini isə əsasən Avropa üzərinə götürəcək. Bu plan ABŞ yardımının azalması və Qərbin qeyri-müəyyən vədləri fonunda Kiyevin Rusiyadan müdafiəsi üçün ən real imkan sayılır.

"Flaminqo" raketləri və yeni çəkindirici amil 

Avqustun sonunda Ukrayna öz istehsalı olan uzaqmənzilli "Flaminqo" qanadlı raketini işə salıb. 3 min kilometr məsafəyə çata bilən, 1150 kiloqram faydalı yük daşıyan bu raket təkcə Moskvanı deyil, Rusiyanın digər iri şəhərlərini də hədəfə ala bilər.

Ekspertlərin fikrincə, Ukraynanın belə raketlərə sahib olması onları tətbiq etməkdən daha çox, Rusiyaya qarşı güclü çəkindirici amil rolunu oynayır. Oslo Universitetindən silah üzrə mütəxəssis Fabian Hoffman bildirir ki, seriyalı istehsal edilən uzaqmənzilli silahlar bəlkə də Ukraynanın gələcək Avropa təhlükəsizlik sistemində ən etibarlı zəmanəti olacaq.

Avropanın dəstəyi və çətinliklər

Bununla belə, proqramın miqyası hələ tam bəlli deyil. Avropa ölkələri büdcə çətinlikləri ilə üz-üzədir və Ukraynanın gözlədiyi maliyyəni uzunmüddətli saxlamaq asan olmayacaq. Digər problem isə şəxsi heyət çatışmazlığıdır. Silah istehsalı nə qədər artsa da, döyüş gücünü formalaşdırmaq üçün kifayət qədər əsgər olmadan bu strategiya tam işləməyə bilər.

Lakin Almaniya və Norveçin gələn ildən 10 milyard dollara yaxın yardım vəd etməsi Kiyevin uzunmüddətli planlar qurmasına imkan yaradır. Analitiklərin sözlərinə görə, yazılı müqavilələrlə təsdiqlənmiş silah tədarükü Ukraynaya öz müdafiəsini sistemli şəkildə gücləndirmək imkanı verir.

Zəmanətlərin mübahisəli taleyi

Sentyabrın 4-də Parisdə Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə "İstəklilər Koalisiyası"nın sammiti keçiriləcək. Prezident Vladimir Zelenski görüşə şəxsən qatılacaq, digər Avropa liderləri isə onlayn formada qoşulacaq.

Sammitin əsas mövzusu Ukraynaya müharibədən sonra təhlükəsizlik zəmanətləri və əlavə yardımlar olacaq. Lakin Vaşinqtonun iştirakı hələ təsdiqlənməyib. Sammitdən öncə isə "koalisiya"ya daxil olan ölkələrin müdafiə nazirləri ayrıca virtual görüş keçirəcək. Buna baxmayaraq, müzakirələr hələlik konkret nəticə verməyib. Rusiya isə bu prosesləri pozmaq üçün bəzi məsələlərdə söz haqqı tələb edir.

Ukrayna üçün əsas çıxış yolu artıq bəllidir: boş vədlərdən çox, real güc toplamaq. Silah istehsalını artırmaq və Avropanın dəstəyi ilə milli müdafiəni möhkəmləndirmək Kiyevin gələcək təhlükəsizliyini təmin etməyin yeganə yoludur. Parisdə keçiriləcək sammit isə bu yolun beynəlxalq siyasi tərəfini formalaşdırmaq üçün növbəti addım olacaq.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər