Dünya
389
17:35, Bu gün

"Andrey Parubiyin qətli: etiraf, məhkəmə qərarı və vida mərasimi" - Ukrayna KİV-ləri

 

"Biz Maydanda tab gətirdik və qalib gəldik. Bu gün Ukrayna mübarizəsini davam etdirirsə, bu, Parubiyin mirasıdır...."

Xəbər verildiyi kimi, Ukrayna siyasətçisi, Ali Radanın sabiq sədri və "Avromaydan"ın önəmli simalarından biri olan Andrey Parubiy avqustun 30-da Lvovda güllələnərək qətlə yetirilib. Təqsirləndirilən şəxs - 52 yaşlı lvovlu Mixaylo Sselnikov məhkəmədə və jurnalistlər qarşısında öz günahını etiraf edib.

Moderator.az xəbər verir ki, bu barədə "rbc.ua" nəşri məlumat yayıb.

Qətlin etirafı və motivlər

Sselnikov bildirib ki, "hakimiyyətə görə qisas alıb" və əsl məqsədi Rusiya ilə əsir mübadiləsinə düşməkdir. Onun sözlərinə görə, mübadilə sayəsində Rusiyaya gedib, 2023-cü ildə Bahmut istiqamətində itkin düşmüş oğlunun cəsədini tapmaq istəyir.

Sselnikov mediada yayılan "Rusiya  xüsusi xidmət orqanları tərəfindən şantaj olunması" iddialarını rədd edib. "Bu doğru deyil. Mən yalnız hökmün tez verilməsini istəyirəm. Mən Parubiyi öldürdüyümü qəbul edirəm və mübadilə yolu ilə oğlumun cəsədini axtarmaq niyyətindəyəm", - o, vurğulayıb.

Suallara cavab verərkən isə o, qurbanı təsadüfi seçdiyini gizlətməyib: "O, sadəcə yaxınlıqda idi. Əgər mən Vinnitsada yaşasaydım, onda "Petyanı", yəni Poroşenkonu öldürərdim".

Məhkəmə qərarı

2 sentyabrın 2-də Lvovun Qalitskiy Rayon Məhkəməsi təqsirləndirilən Mixaylo Sselnikovu 60 sutka müddətinə həbs edib. Qərara əsasən, o, girov qarşılığında azad edilə bilməyəcək. O, qəsdən adam öldürmə və qanunsuz silah saxlama maddələri ilə ittiham olunur.

Vida mərasimi və Parubiyin mirası

Eyni gündə Lvovda yüzlərlə insan, siyasətçilər və ictimai xadimlər Andrey Parubiylə vidalaşmaq üçün bir araya gəlib. Vida mərasimi əvvəlcə Müqəddəs Yuriy Katedralında keçirilən dini ayinlə başlayıb, daha sonra şəhərin Ratuşa meydanında ümumxalq mərasimi təşkil olunub. Dəfn isə Lıçakov qəbiristanlığında, ailə üzvlərinin iştirakı ilə baş tutub.

Vida mərasimində sabiq prezident Pyotr Poroşenko, Arseniy Yatsenyuk, Yuri Lutsenko, Aleksandr Turçinov, Yuliya Timoşenko və digər tanınmış simalar iştirak ediblər. Parubiyin yaxın dostu Pyotr Bodnar mərasimdə çıxış edərək, onun Ukraynanın müasir tarixində oynadığı rolu xüsusi vurğulayıb.

Bodnarın sözlərinə görə, Parubiy "Maydan Özünümüdafiə" strukturunun qurucusu olub və bu, Ukraynanın Rusiyanın təsirinə qayıtmasının qarşısını alan əsas qüvvə idi: "Biz Maydanda tab gətirdik və qalib gəldik. Bu gün Ukrayna mübarizəsini davam etdirirsə, bu, Parubiyin mirasıdır. Belarus və Gürcüstanın belə bir lideri olmadı, ona görə də uğur qazana bilmədilər".

Parubiyin ölümü Ukrayna cəmiyyətində dərin sarsıntı yaradıb. Onun qətli ilə bağlı etiraflar siyasi mülahizələrə, şəxsi faciəyə və Rusiya ilə bağlı dolaşıq iddialara işarə etsə də, fakt budur ki, Ukrayna özünün ən önəmli siyasi fiqurlarından birini itirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər