Rusiyada Ermənistanın ən böyük logistika şirkətlərindən olan “Spayka”ya məxsus, təxminən 100 yük maşını saxlanılıb.
Moderator.az xəbər verir ki, bu barədə “Azadlıq” Radiosunun Ermənistan xidmətinin məlumatında deyilir.
Məlumata görə, artıq üç gündür şirkətə aid furqonlar Rusiyaya yük çatdıra bilmir.
Mənbələrin sözlərinə görə, Rusiya güc strukturları şirkətin maşınlarını faktiki olaraq “həbs” edib. Lakin indiyədək bu addımın səbəbləri barədə heç bir rəsmi izah verilməyib.
Məlumata görə, həmin furqonlar Ermənistandan kənd təsərrüfatı məhsulları — əsasən tez xarab olan meyvə-tərəvəz daşıyır. Malların artıq zay olmaq təhlükəsi yaranıb.
“Spayka” şirkəti yayılan məlumatı indiyədək rəsmi şəkildə nə təsdiq, nə də təkzib edib.
Ekspertlər hesab edirlər ki, bu hadisə son günlərdə Moskva–İrəvan münasibətlərində yaranan gərginliyin növbəti təzahürü ola bilər.