"Almaniya və NATO Baltikdə həyəcan siqnalı verir..."
Avropada artan gərginliyin fonunda Almaniya ordusunun baş inspektoru, general Karsten Broyer ciddi xəbərdarlıqla çıxış edib. Onun sözlərinə görə, Vladimir Putinin ambisiyaları yalnız Ukrayna ilə məhdudlaşmır - Kremlin nəzərləri Baltik regionuna yönəlib.
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri yazıb.
"Quadriga 2025": NATO-nun şərq cinahında sınaq
Sentyabrın 1-dən Almaniya və 13 tərəfdaş ölkə "Quadriga 2025" adlı genişmiqyaslı hərbi manevrlərə start verib. 8 mindən çox əsgər və zabit, onlarla gəmi və yüzlərlə texnika iştirak edir. Təlimlərin əsas məqsədi Baltikyanı ölkələrin müdafiəsini gücləndirmək və NATO-nun şərq cinahını real hücum ssenarilərinə hazırlamaqdır. Broyer açıq deyib: "Putin bizə baxır və onun planları Ukrayna sərhədləri ilə məhdudlaşmır. Bundesver yalnız bir şey etməlidir - təlim keçmək, təlim keçmək və yenə də təlim keçmək".
"Qərb-2025": ehtiyatlı nikbinlik
Almaniya Rusiyanın və Belarusun sentyabrda keçirəcəyi "Qərb-2025" təlimlərinə də diqqətlə baxır. General Broyer hazırda NATO ərazisinə hücum planından xəbərdar olmadıqlarını bildirsə də, ehtiyatı əldən verməmək lazım olduğunu vurğulayıb. Litva artıq öz hava məkanının bir hissəsinə məhdudiyyət qoyub. Vilnüs hesab edir ki, bölgədə 40 minədək hərbçi cəmləşəcək. Prezident Nauseda isə etiraf edib ki, bu dəfəki "Qərb" təlimləri 2021-ci ildəkindən xeyli kiçik olsa da, təhlükəni aradan qaldırmır.
GPS pozuntuları və hibrid müharibə
Broyer həmçinin açıqlayıb ki, şəxsi uçuşları zamanı - bir dəfə Baltik dənizi üzərində, bir dəfə isə Litvadakı təlimlərdə GPS siqnallarının kəsilməsi ilə üzləşib. General bunun təsadüfi olmadığını, çox zaman Rusiyadan qaynaqlanan hibrid hücumların tərkib hissəsi olduğunu deyib. Bu narahatlıqlar fonunda Avropa İttifaqı orbitə əlavə peyklər buraxmaq qərarı verib. Məqsəd - GPS sistemini daha dayanıqlı etmək və potensial hücumların qarşısını vaxtında almaqdır.
Görünən mənzərə
Avropada indi iki təlim üz-üzə gəlir: NATO ölkələrinin müdafiə xarakterli manevrləri və Rusiya-Belarusun "Qərb-2025" ssenarisi. Brüsseldə və Berlində isə hamı bir məsələni dərk edir - Putinin planları hələ çox suallar doğuracaq və cavab yalnız ayıqlıq və birgə mövqedədir.