Dünya
1562
31 Aug 2025 | 22:49

"Ağıllı Yaxın Şərq Rivyerası: Trampın Qəzza sonrası planı" - "The Washington Post"

"İsrailin təklif etdiyi "Yeni Qəzza" layihəsi fələstinlilərin məcburi deportasiyasına bənzəyir..."
 
Tramp administrasiyası Qəzza üçün 38 səhifəlik bərpa planını hazırlayıb. Layihə bölgəni hərbi dağıntılardan "ağıllı şəhərlər"ə və kurortlara çevirəcək iddiasındadır.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Washington Post" nəşri məlumat yayıb.
 
10 illik nəzarət və müvəqqəti köçürülmə
 
Sənədlərə görə, ABŞ Qəzza bölgəsini ən azı on il müddətinə nəzarətə götürmək və bu ərazini yüksək texnologiyalar klasterinə və lüks turizm zonasına çevirmək niyyətindədir. Plan əhalinin bərpa dövründə ya digər ölkələrə, ya da xüsusi qorunan zonalara müvəqqəti köçürülməsini nəzərdə tutur. Köçməyə razılaşan hər bir sakin 5 min dollar birdəfəlik yardım, başqa ölkədə dörd illik kirayə subsidiyası və bir illik ərzaq təminatı alacaq. Müəlliflərin hesablamasına görə, əhalinin köçürülməsi yerində sosial təminatdan 23 min dollar ucuz başa gəlir.
 
"Ağıllı şəhərlər" və yeni iqtisadi düzən
 
Torpaq sahiblərinə rəqəmsal tokenlər veriləcək - onlar bunu ya pula, ya da planlaşdırılan 6-8 "ağıllı şəhər"də mənzilə dəyişə biləcəklər. Bu şəhərlərdə çoxmərtəbəli yaşayış binaları, ticarət mərkəzləri, yüngül sənaye müəssisələri, klinikalar, məktəblər və parklarla birlikdə kənd təsərrüfatı sahələri və hətta qolf meydançaları nəzərdə tutulub.
 
Planın əsas üstünlüklərindən biri odur ki, ABŞ büdcəsindən maliyyələşməyəcək, bütün işlər özəl sərmayədarlar hesabına aparılacaq. Onlara isə 10 ilə dördqat gəlir vəd edilir. İlk mərhələ - qalıq partlamamış sursatların təmizlənməsi, elektrik və kommunal xidmətlərin bərpası olacaq.
 
"Şərq Rivyerası" və regional rəmzlər
 
Trampın ideyasına görə, Qəzza sahilləri "Beynəlxalq Rivyera"ya çevrilməlidir - Dubaydakı kimi süni adalar, dünya səviyyəli kurortlar tikiləcək. Eyni zamanda, Rafah yaxınlığında yeni liman və hava limanı inşa olunacaq, Misir, Səudiyyə Ərəbistanı və İsrailə quru yolları ilə bağlanacaq. Anklavın şərq hissəsi "ağıllı sənaye zonası"na çevriləcək, burada ABŞ-ın elektromobil istehsalçıları və regional məlumat mərkəzləri fəaliyyət göstərəcək.
 
Səudiyyə və BƏƏ liderlərinin adları ilə yeni magistrallar salınacaq. Bu, həm regional dəstək, həm də siyasi simvolizm üçün nəzərdə tutulub. Bundan əlavə, Sinay yarımadasında günəş elektrik stansiyası və suyun duzsuzlaşdırılması zavodu tikiləcək, onlar Qəzzanı elektrik və su ilə təmin edəcək.
 
Hüquqi əsas və təhlükəsizlik
 
Müəlliflər planı İkinci Dünya müharibəsindən sonra Yaponiyanın və Almaniyanın bərpası ilə müqayisə edirlər. Lakin bu dəfə BMT mandatı almaq çətindir. Ona görə də sənəddə "uti possidetis juris" (ərazi statusunun saxlanması) doktrinasına və 1993-cü il Oslo sazişlərinə istinad edilir. İsrailin təhlükəsizlik hüquqları saxlanacaq, daxili asayiş isə ilk illərdə "üçüncü ölkə vətəndaşları" və Qərb özəl hərbi şirkətləri tərəfindən qorunacaq. Sonrakı mərhələdə məsuliyyət "yerli polis"ə ötürüləcək.
 
Fələstin dövlətinə yer yoxdur
 
Sənəddə "Fələstin dövləti" anlayışı demək olar ki, çəkilmir. Sadəcə, gələcəkdə "Abraham sazişlərinə qoşula biləcək" qeyri-müəyyən bir fələstinli idarə orqanından bəhs olunur. Planın müəllifləri Qəzzanı "Amerika yönümlü Yaxın Şərqin kəsişmə nöqtəsi" kimi görürlər. Bu layihə ABŞ-a həm enerji resurslarına, həm də strateji faydalı qazıntılara çıxış qazandırmalı, eyni zamanda Hindistan-Yaxın Şərq-Avropa iqtisadi dəhlizində logistika mərkəzinə çevirməlidir.
 
Beləliklə, görünən odur ki, bu plan həm ambisiyalı, həm də mübahisəli görünür: Qəzza əhalisinin "müvəqqəti" köçürülməsi praktikada məcburi deportasiyaya bənzəyir. "Ağıllı şəhərlər"və "Riviera" ideyası daha çox investor maraqları və qlobal imic layihəsi kimi dəyərləndirilə bilər. Ən önəmlisi, sənəddə fələstinlilərin siyasi gələcəyi demək olar ki, nəzərə alınmır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər