1363
31 Aug 2025 | 14:48

"Trampın qeyri-sabit xarici siyasəti Çinin qlobal təsirini artırıb" -  "The New York Times"

"ABŞ-ın hökmran olduğu əsr başa çatır, yeni güc mərkəzi artıq Şərqdə formalaşır..."

Siyasi xaos və gömrük müharibələri ABŞ-ı zəiflədərkən, Çin özünü qlobal güc mərkəzi kimi təqdim edir. Moskva isə getdikcə daha çox Pekinə bağlanır, Hindistan isə ABŞ-a etimadını itirərək yeni balans axtarır.

Moderator.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri yazıb.

Sammit və güc nümayişi

Çində keçirilən regional təhlükəsizlik sammiti Pekinin dünya səhnəsində yeni rolunu nümayiş etdirmək üçün nadir bir fürsətə çevrilib. Buraya 20-dən çox ölkənin lideri, o cümlədən Rusiya prezidenti Vladimir Putin, Hindistan baş naziri Narendra Modi və Şimali Koreya lideri Kim Çen In qatılır.

Sammitdən sonra isə Pekində böyük hərbi parad gözlənilir - Çin yeni raketlərini, döyüş təyyarələrini və dronlarını dünyaya göstərməklə ABŞ-a mesaj göndərəcək. Si
Tszinpin bu tədbiri sadəcə şou kimi deyil, tarixi, diplomatiyanı və hərbi gücü birləşdirərək ABŞ-ın üstünlük təşkil etdiyi mövcud dünya nizamını yenidən qurmaq üçün siyasi alətə çevirir.

Trampın siyasətinin "yan təsirləri"

ABŞ prezidenti Donald Trampın qeyri-sabit xarici siyasəti, sərt tariflər və Rusiyaya yaxınlaşmaq cəhdləri Çinə əlavə üstünlüklər qazandırır. Vaşinqtonun Avropa və Asiya müttəfiqləri arasında güvən sarsılıb, Pekin isə həm siyasi, həm də iqtisadi baxımdan daha cazibədar tərəfdaş kimi görünür.

Modi administrasiyası xüsusilə məyusdur - ABŞ-ın Hindistana qarşı gömrük tariflərini 50 faizə qədər qaldırması Nyu-Dehlini "balansı dəyişməyə" məcbur edir. Modi yeddi ildən sonra ilk dəfə Çini ziyarət edir. Bu, Vaşinqtonla yaxınlaşmadan sonra baş verən rənzi dönüş nöqtəsi kimi dəyərləndirilir.

Moskvanın asılılığı və Pekinin güclənməsi

Rusiyanın Ukraynaya hücumu və Qərbin sərt sanksiyaları Moskvanı getdikcə daha çox Çindən asılı vəziyyətə salıb. Çin olmasa, Kreml iqtisadiyyatda və ordunun təchizatında ciddi böhranla üzləşərdi.

Analitiklərin fikrincə, Putin artıq Pekinə "daha dərindən bağlıdır" və Qərblə münasibətlərin normallaşması praktiki olaraq mümkünsüzdür. Çin isə sabit qonşu olaraq Moskva üçün həm iqtisadi, həm də strateji dayaq nöqtəsinə çevrilib. Bu səbəbdən Trampın "Rusiyanı Çindən qoparmaq planı" əvvəlcədən uğursuzluğa məhkumdur.

Tarixin yenidən yozulması

Çində keçiriləcək parad həm də siyasi mesaj daşıyır: İkinci Dünya müharibəsi Çin Kommunist Partiyasının rəhbərliyi altında əldə edilmiş qələbə kimi təqdim olunur. Si Tszinpin və Putin bu narrativi paylaşaraq Qərbin "qələbə iddiasını" zəiflətməyə çalışır, müharibədə Çin və SSRİ-nin fədakarlığını önə çəkirlər. Bu ideoloji yanaşma həm daxildə, həm də beynəlxalq miqyasda Pekinin legitimliyini gücləndirməyi hədəfləyir.

Dünyanın yeni xəritəsi

Pekində keçirilən görüş yalnız Çin-Rusiya yaxınlaşmasını deyil, həm də Hindistan, Türkiyə, Misir, Malayziya, Pakistan kimi ölkələrin ABŞ-dan qismən uzaqlaşıb yeni güc mərkəzinə üz tutduğunu göstərir. Sosioloji sorğular da bunu təsdiqləyir: son bir ildə Çinə müsbət münasibət bildirənlərin payı 31 faizdən 36 faizə qalxıb, ABŞ-a etimad isə, xüsusilə Avropa, Yaponiya və Cənubi Koreyada kəskin azalıb.

Trampın tariflərə əsaslanan siyasəti və Moskva ilə "dostluq" oyunu Pekinin əlini gücləndirib. Çin indi həm Rusiyanı özündən daha çox asılı vəziyyətə salıb, həm də Hindistan kimi əsas rəqibini Vaşinqtondan uzaqlaşdırmağa başlayıb. Bu sammit və hərbi parad Pekinin dünyaya açıq mesajıdır: ABŞ-ın hökmran olduğu əsr başa çatır, yeni güc mərkəzi artıq Şərqdə formalaşır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər