1463
09 Jun 2025 | 00:50

"Putin zəhərindən azad bir Rusiya": Britaniya dueti Berlində Aleksey Navalnının xatirəsinə konsert verəcək

"Rusiyalılar bir gün anlayacaq ki, heç kim azad deyilsə, hakimiyyətin mənası yoxdur..."
 
Britaniyanın dünya şöhrətli "Pet Shop Boys" sintez-pop dueti iyunun 28-də Berlində keçiriləcək Aleksey Navalnının xatirəsinə həsr olunmuş konsertdə əsas çıxışçı olacaq. Tədbir Navalnının ölümündən sonra onun ideallarını yaşatmaq və Rusiyada azadlıq uğrunda mübarizəyə diqqət çəkmək məqsədi daşıyır.
 
Moderator.az xəbər verir ki, bu barədə "'meduza.io" nəşri yazıb.
 
Navalnıya dəstəyini dəfələrlə açıq ifadə edən "Pet Shop Boys" qrupu 2025-ci ilin fevralında "Himn" adlı mahnı ilə onun xatirəsinə öz töhfəsini verib. Mahnıda qrup üzvləri Nill Tennant və Kris Lou Rusiyanın "keçmişindən, bu günündən və qaranlıq qəddarlığından", "acı və sonsuz düşmənçilikdən", "liderlərinin yalanından və avtoritarizmdən", eləcə də vPutin zəhərindən" azad olmasını arzulayır.
 
Yeni əsər SSRİ və Rusiya Federasiyasının rəsmi himnini xatırladan melodik bir quruluşa malikdir. Eyni zamanda mahnının tanqo və disko versiyaları da buraxılıb. Xüsusilə beş dəqiqəlik rəqs versiyası üçün hazırlanmış klipdə Navalnının çıxışlarından hissələr təqdim olunur.
 
"Pet Shop Boys" dueti ilk dəfə deyil ki, siyasi mövzularda açıq mövqe tutur. Onlar 2022-ci ildə Rusiya ordusunun Ukraynaya genişmiqyaslı müdaxiləsini pisləmiş, 2023-cü ildə isə "Living in the Past" ("Keçmişdə yaşamaq") adlı mahnıda Vladimir Putini İosif Stalinlə müqayisə edib. Həmin klipdə Kremlin inzibati təntənəsi, siyasi repressiyalar və Rusiya daxilindəki qorxu atmosferi nümayiş etdirilir.
 
Bundan əlavə, 2024-cü ildə musiqiçilər SSRİ-də doğulmuş, lakin sonradan Qərbə keçmiş məşhur balet rəqqası Rudolf Nureyevə həsr edilmiş "Dancing Star" adlı mahnı təqdim edib. Burada da DTK-ya eyhamlarla Rusiyadakı repressiv keçmişə diqqət çəkilir.
 
Navalnının xatirəsinə keçiriləcək Berlin konsertində "Pet Shop Boys"-dan əlavə Rusiyanın alternativ musiqi səhnəsinin tanınmış nümayəndələri "Aigel" qrupu və müğənni Qreçka da çıxış edəcək.
 
"Pet Shop Boys"-un rəsmi bəyanatında deyilir: "Biz bu mahnını Navalnının xatirəsinə və onun azadlıq uğrunda apardığı mübarizəyə həsr etmişik. Rusiyalılar bir gün anlayacaq ki, heç kim azad deyilsə, hakimiyyətin mənası yoxdur".
 
Aleksey Navalnı 2021-ci ildə zəhərləndikdən sonra Rusiya həbsxanalarında saxlanılıb və 2024-cü ilin fevralında müəmmalı şəkildə dünyasını dəyişib. Onun ölümü beynəlxalq aləmdə geniş rezonans doğurub, insan haqları təşkilatları bunu siyasi qətl kimi qiymətləndirib.
 
"Pet Shop Boys"-un bu təşəbbüsü musiqi ilə etirazın və dəstəyin vəhdəti olaraq azadlıq və ədalət uğrunda mübarizəyə səs qatmaq məqsədi daşıyır.
 

 

Link kopyalandı!
Son xəbərlər