Dünya
315
19 Mar 2025 | 21:14

"Avropa İttifaqı Qəzzada atəşkəs rejiminin pozulması və mülki şəxslərin həlak olmasını pisləyir"

"Biz bütün tərəfləri beynəlxalq humanitar hüquqa əməl etməyə çağırırıq..."
 
Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik üzrə Ali nümayəndəsi Kaya Kallas, Avropa Komissiyasının demokratiya və demoqrafiya məsələləri üzrə vitse-prezidenti Dubravka Şuitsa və Avropa İttifaqının böhran idarəçiliyi rəhbəri Xədicə Ləbib Qəzzada atəşkəsin pozulması ilə bağlı birgə bəyanat verib.
 
Moderator.az xəbər verir ki, bu barədə SİTA agentliyi məlumat yayıb.
 
Bəyanatda deyilir: "Avropa İttifaqı Qəzza bölgəsində atəşkəs rejiminin pozulmasını və İsrailin hava hücumları nəticəsində, o cümlədən uşaqlar da daxil olmaqla, mülki şəxslərin həlak olmasını pisləyir".
 
"Avropa İttufaqı İsraili hərbi əməliyyatları dayandırmağa çağırır və HƏMAS-ı bütün girovları dərhal azad etməyə bir daha səsləyir. Avropa İttifaqı İsraili təmkinlik nümayiş etdirməyə, humanitar yardımın maneəsiz şəkildə çatdırılmasını və Qəzzaya elektrik enerjisinin verilməsini bərpa etməyə çağırır. Biz bütün tərəfləri beynəlxalq humanitar hüquq qarşısında götürdükləri öhdəliklərə əməl etməyə çağırırıq", - avropalı rəsmilər bəyan edib.
 
"Avropa İttifaqı hesab edir ki, danışıqların bərpası yeganə çıxış yoludur. Son bir yarım ildə fələstinlilər və israillilər çox əziyyət çəkib. Şiddət dövrünü qırmaq vaxtıdır. Sabitlik sürətli bərpanın vacib şərtidir", - bəyanatda vurğulanıb.
 
Bildirilib ki, "Rafah" sərhəd keçid məntəqəsinin bağlanması səbəbindən Avropa İttifaqının sərhəd yardımı missiyası fəaliyyətini dayandırıb, lakin vəziyyətin inkişafını gözləyərək hələ də bölgədə qalır.
 
Xatırladaq ki, bundan öncə İsrail xarici işlər naziri Qideon Saar Kaya Kallas ilə telefon danışığı apardığını açıqlayıb. O, Avropa rəsmisinə İsrailin HƏMAS-a qarşı hərbi kampaniyanı bərpa etməsinin səbəblərini izah edib.
 
"Girovlarımız azad edilmədiyi halda, İsrailin hərbi əməliyyatları bərpa etməkdən başqa çıxış yolu yoxdur. İsrail yalnız terrorçu hədəfləri vurur və mülki itkiləri minimuma endirmək üçün əlindən gələni edir. Biz hərbi hədəflərimizdən güzəştə getməyəcəyik!" - İsrail diplomatiyasının rəhbəri vurğulayıb.
 
Kaya Kallas Qideon Saar ilə söhbətinin təfərrüatlarını bölüşüb: "Dünən xarici işlər naziri Saar ilə də danışdım. Ondan soruşdum: "Nə baş verir, niyə bunu edirsiniz?" - o, Brüsseldə jurnalistlərə bildirib və bununla xüsusi olaraq "mülki əhali arasında itkiləri" nəzərdə tutduğunu dəqiqləşdirib.
 
Kallas bazar günü Misirə gedəcəyini və orada "ərəb beşliyi" - Misir, İordaniya, Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ ilə vəziyyəti müzakirə edəcəyini bildirib. O, qeyd edib ki, İsrailə diplomatik təzyiqi artırmaq lazımdır.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər