"Rusiyalıların oğurladığı 30 minə yaxın ukraynalı uşaq barədə məlumatlar əbədi olaraq yox ola bilər, bu isə Putinə məsuliyyətdən qaçmağa kömək edəcək..."
ABŞ prezidenti Donald Trampın administrasiyası Rusiya tərəfindən oğurlanmış minlərlə ukraynalı uşağın izlənməsinə kömək edən proqramı dayandırıb.
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məlumata görə, demokratlar Tramp administrasiyasına müraciət edərək proqramın bərpasını və günahkarların cəzalandırılması üçün sanksiyaların tətbiqini tələb etməyi planlaşdırır.
Tramp administrasiyası Yel Universitetinin Humanitar Araşdırmalar Laboratoriyası (Yale HRL) tərəfindən idarə olunan və hökumət tərəfindən maliyyələşdirilən təşəbbüsü dayandırıb. Bu proqram Ukraynadan uşaqların kütləvi deportasiyasını izləyib.
Nəticədə tədqiqatçılar 30 minə yaxın ukraynalı uşaqlarla bağlı peyk görüntüləri və digər məlumatları əhatə edən geniş məlumat bazasına çıxışı itirib.
"Bizdə əsaslı şübhələr var ki, məlumatlar əbədi olaraq silinib. Əgər bu doğrudursa, bunun dağıdıcı nəticələri olacaq", - demokratlar bildirib.
Proqramla tanış olan bir mənbənin sözlərinə görə, Dövlət Departamentinin Yale HRL ilə müqaviləsini ləğv etməsi 26 milyon dollar dəyərində hərbi cinayət sübutlarının məhv edilməsinə gətirib çıxarıb və bu, Rusiya diktatoru Putini qorumağa kömək edə bilər.
"Onlar ABŞ vergi ödəyicilərinin 26 milyon dollarını- hərbi cinayətlərin sübutları üçün ayrılmış vəsaiti götürüb, onu, o cümlədən bütün uşaqlara aid sənədləri zibil qutusuna atıb.
"Əgər siz Putini məhkəmə məsuliyyətindən qorumaq istəyirsinizsə, bu sübutları məhv edirsiniz. Onlar da məhz bunu edib. Bu, bütün əlavə məlumatları olan, məhkəməyə təqdim edilə biləcək yekun versiya olub", - mənbə əlavə edib.
Nümayəndələr Palatasının üzvlərinin məktubunda həmçinin Tramp administrasiyasını Rusiya və Belarusda uşaqların zorla köçürülməsində iştirak edən vəzifəli şəxslərə qarşı sanksiyalar tətbiq etməyə çağırır.
"Beynəlxalq hüquqla qorunan uşaqların hüquqlarının bu cür açıq və həyasızcasına pozulması cəzasız qala bilməz", - məktubda deyilir.
Məktubda həmçinin Yel İnsan Haqları Məktəbinin oğurlanmış uşaqların hərəkətini izləmək üçün vacib olan peyk görüntülərinə artıq çıxışının olmadığı bildirilir.
"Hökumətimiz mühüm bir xidmət-nə Ukraynaya silah, nə də pul verilməsini tələb edən, ancaq bu uşaqları xilas etməyə yönəlmiş bir xidmət göstərub. Biz dərhal işimizi bərpa etməliyik ki, Ukrayna bu uşaqları geri qaytara bilsin", - qanunvericilər qeyd edib.
Putinin həbsi üçün order
2023-cü ilin martında Beynəlxalq Cinayət Məhkəməsi ukraynalı uşaqların oğurlanması ilə bağlı Rusiya uşaq hüquqları müvəkkili Mariya Lvova-Belova və Vladimir Putinin həbsi üçün order verib.
Martın 17-də məlum olub ki, ABŞ Ukraynaya qarşı təcavüz cinayətlərinin araşdırılması üzrə Beynəlxalq Mərkəzə dəstəyini dayandırıb. Bu mərkəz Putinin cinayətlərini sənədləşdirmək üçün sübutlar toplayırdı.