ABŞ-ın Ermənistana hərbi texnika göndərməsi nəyə hesablanıb?
Dünya
434
15:53, Bu gün

ABŞ-ın Ermənistana hərbi texnika göndərməsi nəyə hesablanıb?

ABŞ Almaniyadakı hərbi texnikasını Ermənistandakı hərbi poliqonlara köçürəcək. Texnikaların Gürcüstan vasitəsilə Ermənistana gətirilməsi planlaşdırılır. Vaşinqton Ermənistana hərbi avadanlıq niyə göndərir? Bəs Rusiyanın reaksiyası necə olacaq?
Bu barədə Moderator.az-a danışan hərbi ekspert Səxavət Məmməd deyir ki, Ermənistan-Amerika münasibətləri 44 günlük müharibədən sonra, Ermənistanın müharibəni uduzduqdan və Rusiyanı ittiham etməsindən sonra başladı. Bu dövrdən sonra Ermənistan ilə ABŞ ordusu arasında bir neçə dəfə təlimlər keçirildi:
“Hətta Ermənistan ordusunda Amerikanın nümayəndəsinin müşavir kimi təyin edildiyi məlumdur. Bundan əlavə, antiterror əməliyyatından əvvəl Ermənistanda Amerika xüsusi təyinatlıları ilə Ermənistan ordusunun xüsusi təyinatlılarının təlimi keçirilib və sonra məlum olub ki, həmin təlimlər daha çox İran sərhədinə yaxın ərazilərdə baş tutub. Ermənistanın Fransadan aldığı radar sistemləri var ki, bu sistemlər təxminən 250 km radiusu əhatə edir və Ermənistan ərazisi üçün kifayət qədər böyük bir məsafədir. Bu radarların da İran sərhədinə yaxın ərazilərə yerləşdirildiyi iddia edilir. Amerikanın İrana qarşı sərt siyasəti var. ABŞ Yaxın Şərqdə, xüsusən Hizbullah məsələsində İrana müəyyən zərbələr endirə bilib və İrana çox yaxınlığı ilə bilinən husilərə qarşı hazırda hərbi əməliyyatlar həyata keçirilir. Təkcə husilərə qarşı yox, həm də Yəməndəki İran mövqelərinə zərbələr endirildiyi rəsmi olaraq bildirilir. İranın ətrafında bir həlqə yaradıldığına şahid oluruq. İrana qarşı Ermənistan niyə seçilir? Amerikanın İrana qarşı Azərbaycandan istifadə etmək iddiaları olub. Hətta Heydər Əliyev dönəmində bu məsələ ilə bağlı Azərbaycan müraciət edib və Heydər Əliyev bu məsələyə konkret olaraq qarşı çıxıb, bundan Azərbaycan ərazisindən İrana qarşı istifadə edilməsinə icazə verməyib. Daha sonra Heydər Əliyevdən sonrakı dövrdə, İlham Əliyevin dönəmində də bu cür iddialar olub ki, İrana qarşı Azərbaycan ərazisindən istifadə edilsin, lakin rəsmi Bakı yenə də buna qarşı çıxıb. Ermənistan isə elə bir dövlətdir ki, Rusiyanın vəziyyəti gərgin olanda Amerika və Avropa İttifaqı ilə yaxınlaşır, Rusiyanın vəziyyəti dəyişəndə isə rəsmi Moskvaya meylli olur. Buna görə də Ermənistanın hər an xəyanət edə biləcəyi gözlənilir və İran da bunu hesablayır. Amerikanın Ermənistan üzərindən İrana qarşı hansı addımlar atması qeyri-adi hal deyil. Təbii ki, Almaniyadakı hərbi texnikaların Ermənistana gətirilməsi ciddi addımdır. Lakin bu, region üçün problemli olacaq. Gətiriləcək texnikanın sayı o qədər çox deyil ki, İrana qarşı xüsusi təhdid yaratsın. Çünki İrana zərər vurmaq üçün daha çox hava hücumuna ehtiyac var. Yəni, ABŞ Ermənistanın ərazisini tamamilə hərbi texnika ilə doldursa da, İrana zərbə endirmək inandırıcı deyil. Lakin bu, İranın diqqətini yayındıra bilər. İran məcbur olub Ermənistan sərhədində qoşunlarını cəmləşdirə bilər".
Hərbi ekspert hesab edir ki,bu texnikaların Ermənistan ərazisində yerləşdirilməsi regionumuz üçün bir nömrəli problemə çevriləcək, çünki bu, Rusiya ilə qarşıdurma yaradacaq:
 "Rusiya isə Ermənistana qarşı özü birbaşa yox, Azərbaycandan istifadə etməyə çalışacaqdır. Ona görə də düşünürəm ki, Amerikanın atdığı bu addım əgər real olacaqsa, bu regionda nəinki sülh gözləməliyik, hətta bu regionun iflic olmağını da gözləməliyik. Çünki bu cür davranışlar təbii ki, silahlanmanı artıracaq və gərginliyi daha da gücləndirəcək. Ona görə də indiki mərhələdə, Tramp nə qədər iddia etsə də ki, o, sülh üzrə Nobel mükafatına layiqdir, hər yerdə sülh gətirəcək, amma düşünürəm ki, onun atdığı addımlar ilk dönəmində olduğu kimi gərginliyi daha çox artıracaq və Amerikanın bu cür addımları regionumuzda çox ciddi nəticələr verə bilər. Ümid edək ki, sonu müharibə olmasın, amma bu cür silahlanmalar, bir neçə gündür davam edən atəşkəsin pozulma halları onu göstərir ki, regionda qətiyyən stabillik, sabitlik yoxdur. Əksinə, region sanki bir qədər geridə qalmışdı, xüsusilə Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdə baş verənlər səbəbindən. Ümid edək ki, bir daha müharibə olmaz”.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər