"Ukraynalılar təhlükəsizlik təmimatları olmadan heç bir şəraitdə ərazi güzəştlərinə getməməlidir..."
Fransa prezidenti Emmanuel Makron Ukraynanın təhlükəsizliyinin təminatçıları üçün beynəlxalq koalisiyanın yaradılmasını təsdiqləyib.
Moderator.az xəbər verir ki, bu barədə Makron Fransanın "La Depeche" nəşrinə verdiyi müsahibəsində bu təminatların dörd əsas məqamını açıqlayıb.
Musahibədə qeyd edilir ki, Kreml Ukraynaya qarşı işğalçı niyyətlərini dəyişmədiyi üçün sülh əldə edildikdən sonra Avropa Kiyevə öz təminatlarını verməlidir.
"Aydındır ki, ukraynalılar təhlükəsizlik təminatları olmadan heç bir şəraitdə ərazi güzəştlərinə getməməlidir. Biz mənim başladığım işi yerinə yetirdik, yəni təhlükəsizlik təminatlarına inam yaratdıq. Ötən çərşənbə günü Parisdə bütün Avropa və müttəfiq orduların qərargah rəisləri ilə keçirdiyimiz mühüm görüş bunun bir hissəsidir," - Makron bildirib.
Onun sözlərinə görə, Ukraynanın Avropa təhlükəsizlik təminatlarının birinci elementi silah tədarükünün davam etdirilməsi və mövcud ehtiyaclara uyğunlaşdırılmasıdır.
Təminatların ikinci elementi Ukrayna ordusunun ümumi modernləşdirilməsinə kömək etməkdir ki, bu da Rusiyanın mümkün yeni işğalına qarşı müqavimət qabiliyyətini artıracaq.
"Üçüncü təhlükəsizlik təminatı, könüllülər koalisiyasının Ukraynada yerləşdirilməsi imkanından ibarətdir," - Makron qeyri-müəyyən şəkildə bildirib. Çox güman ki, o, Avropa hərbi kontingentinin ya yaxın gələcəkdə, ya da rusiyalıların yeni mümkün hücumuna cavab olaraq Ukraynada yerləşdirilməsini nəzərdə tutub.
Dördüncü element isə, Makronun fikrincə, Avropanın müdafiəsinin gücləndirilməsi olub ki, bu da təkcə Ukraynanın deyil, digər Avropa ölkələrinin təhlükəsizliyinə də təminat verəcək.
Makronun sözlərinə görə, Ukraynaya təminatlar mövzusunda daha öncə keçirilən yüksək səviyyəli danışıqlar "texniki işlərin" başlanmasına səbəb olub və bu işlər bir neçə gün ərzində tamamlanacaq. Bundan sonra hansı ölkələrin təhlükəsizlik təminatlarının konkret maddələrini dəstəkləməyə hazır olduğu və bunun üçün hansı resurslara malik olduqları daha aydın olacaq.
"Bizim üzərində çalışdığımız açıq bir koalisiyadır. Bu, Fransa-Böyük Britaniya təşəbbüsüdür, lakin sizə təsdiq edə bilərəm ki, bir neçə Avropa ölkəsi, hətta Avropadan kənar ölkələr də bu cəhdlərə qoşulmağa hazır olduqlarını bildirib" - Makron əlavə edib.
O, həmçinin dəqiqləşdirib ki, hazırda Avropa Ukraynaya böyük sayda qoşun göndərməyi planlaşdırmır. Bunun əvəzinə, "açar nöqtələrdə", o cümlədən Ukrayna qoşunlarının hazırlanmasına kömək məqsədilə bir neçə minlik kontingentin yerləşdirilməsi nəzərdə tutulur.
Ukraynada Avropa sülhməramlıları məsələsi
Xəbər verildiyi kimi, Avropa sülhməramlılarını Ukraynaya göndərmək ideyası ABŞ-ın bu missiyadan kənarda qalacağı təqdirdə ciddi risklər daşıyır.
Britaniyalı keçmiş diplomat Piter Riketts qeyd edir ki, Avropa qüvvələri Rusiyanın yenidən hücum etməsi halında birbaşa qarşıdurmaya hazır olmalıdır. O, vurğulayıb ki, "dəmir kimi möhkəm ABŞ təminatı" bunun qarşısını almağın ən yaxşı yolu olardı.
Lakin hazırkı Avropa rəsmiləri hələlik Avropa sülhməramlılarının rusiyalılara qarşı silah tətbiq edib-etməyəcəyi barədə açıq şəkildə danışmır. Xüsusilə, Britaniya naziri jurnalistin "əgər onlara rusiyalılara atəş açmaq qadağan olunacaqsa, sülhməramlıların mənası nədir?" sualına cavab verə bilməyib.