Dünya
261
00:17, Bu gün

"SpaceX" gəmisi BKS-ə birləşib: stansiyada ilişib qalmış astronavtlar evə qayıda biləcəklər"

"Uzunmüddətli kosmik missiya onların ailə həyatının axarını pozub, ailədə mühüm hadisələri qaçırıb, buna görə də psixoloji təsirlər olacaq..."
 
"SpaceX" kapsulu bazar günü səhər saatlarında dörd astronavtı Beynəlxalq Kosmik Stansiyaya (BKS) çatdırıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) məlumat yayıb.
 
Buraxılışdan təxminən 29 saat sonra "Crew Dragon" kapsulu uğurla BKS-ə birləşib. Bir neçə gündən sonra NASA astronavtları Butç Uilmor və Suni Uilyams "Boeing" şirkətinin "Starliner" kapsulu ilə bağlı problemlərə görə stansiyada qalmağa məcbur olandan sonra Yerə qayıda biləcəklər.
 
BKS-ə çatan "Crew-10" missiyasının tərkibinə dörd nəfər daxildir: NASA astronavtları Enn MakKleyn və Nikol Ayers, yapon astronavtı Takuya Onişi və rusiyalı Kirill Peskov. Yaxın vaxtlarda Yerə üç NASA astronavtı- Butç Uilmor, Suni Uilyams, Nik Heyq və rusiyalı Aleksandr Qorbunov qayıdacaq. Uilmor və Uilyams BKS-də cəmi səkkiz gün keçirməli idilər, lakin gəldikləri eksperimental kosmik gəmidəki texniki problemlərə görə orada doqquz aydan çox qalmalı olub.
 
Astronavtların geri qayıdışı yeni ekipajın gəlişindən iki gün sonra başlamalıdır. NASA-nın kommersiya ekipaj proqramının meneceri Stiv Stiç bu perspektivin sevindirici olduğunu bildirib: "Butç və Suni əla iş görüb və biz onları geri qaytarmaqdan məmnunuq," - o, deyib.
 
Geriyə dönüş səfəri iki gün ərzində başlamalıdır. Lakin Yerə təhlükəsiz eniş üçün hava şəraitinin uyğun olması gözlənilməlidirsə, kiçik bir gecikmə də ola bilər. Bunu BKS proqramının meneceri Dana Vaygel vurğulayıb: "Hava bizə kömək etməlidir, ona görə də əlverişsiz olarsa, tələsməyəcəyik", - o, jurnalistlərə bildirib.
 
Astronavtlar daim BKS-də olmaqdan məmnun olduqlarını bildirib, Suni Uilyams isə stansiyanı onun xoşbəxt olduğu bir yer kimi təsvir edib. Lakin Böyük Britaniyanın Açıq Universitetindən doktor Simeon Barber BBC-yə bildirib ki, stansiyada bu qədər uzun qalmaq izsiz ötüşməyə bilər: "Sizi cəmi bir həftəlik iş səfərinə göndərirlər, amma o, demək olar ki, bir ilə uzanır,  belə bir şeyi gözləmirsiniz," - o, qeyd edib.
 
"Uzunmüddətli kosmik missiya onların ailə həyatının axarını pozub, evdə onlar üçün mühüm hadisələr baş verib, amma onlar bu anları qaçırıb.Buna görə də psixoloji təsirlər olacaq".
 
Butç Uilmor və Suni Uilyams 2024-cü ilin iyun ayının əvvəlində "Boeing" aerokosmik şirkəti tərəfindən inşa edilmiş "Starliner" eksperimental kosmik gəmisinin sınaqları üçün BKS-ə gəlib. Missiya texniki problemlərə görə illərlə təxirə salınıb. Nəticədə "Starliner"in buraxılışı və BKS ilə birləşməsi zamanı da çətinliklər yaranıb. Kosmik gəminin Yer atmosferinə daxil olarkən yavaşlaması üçün vacib olan mühərriklərdən bəzilərində nasazlıqlar baş verib. Həmçinin mühərrik sistemində helium sızması qeydə alınıb.
 
NASA Uilmor və Uilyamsın "Starliner"də qaytarılmasının riskli olduğunu hesab edib və onları "SpaceX"-in "Dragon" kapsulu ilə geri gətirmək qərarına gəlib. NASA hesab edib ki, astronavtların planlaşdırılmış ekipaj rotasiyası zamanı geri qaytarılması, hətta bu, onların stansiyada bir neçə ay daha qalması demək olsa da, daha təhlükəsizdir. "Boeing" isə Uilmor və Uilyamsın "Starliner"də geri qaytarılmasının təhlükəsiz olacağını israrla vurğulayır və əsas rəqibinin kapsulundan istifadə edilməsinə etiraz edib.
 
ABŞ prezidenti Donald Tramp və "SpaceX"-in baş direktoru İlon Mask astronavtların daha tez qaytarıla biləcəyini iddia edib. Onlar sonuncu dəfə bu barədə fevral ayında "Fox News"a verdikləri birgə müsahibədə danışıb. "Onları kosmosda unudublar", - Tramp bildirib. Müsahibə aparan Şon Heniti astronavtların stansiyada səkkiz gün deyil, demək olar ki, 300 gün qaldığını xatırladanda, Tramp bircə kəlmə ilə cavab verib: "Bayden".
 
Öz növbəsində İlon Mask bildirib: "Onları orada siyasi səbəblərdən saxlayıblar". NASA-nın nümayəndəsi Stiv Stiç isə bu fikirlərlə razılaşmır: "Biz bütün variantları nəzərdən keçirdik və "SpaceX" ilə birlikdə optimal həll yolu tapmağa çalışdıq. Ümumi qiymətləndirmədən sonra ən yaxşı seçim bu olub", - o bildirib.
Link kopyalandı!
Son xəbərlər