Şimali Makedoniyada gecə klubunda baş verən yanğın nəticəsində azı 59 nəfər həlak olub, daha 150 nəfər yaralanıb.
Moderator.az xəbər verir ki, bu barədə "israelinfo.co" nəşri məlumat yayıb.
Məlumatda deyilir ki, ölkənin daxili işlər naziri Pançe Toşkovski yanğının konsert zamanı istifadə edilən pirotexnika səbəbindən baş verdiyini açıqlayıb.
Fəlakətin səbəbləri və detalları
Yanğın paytaxt Skopyedən təxminən 80 kilometr şərqdə yerləşən Koçani şəhərindəki "Pulse" klubunda baş verib. Hadisə zamanı orada məşhur yerli DNT qrupunun çıxışı gedib ə klubda yüzlərlə insan toplaşıb.
Daxili işlər naziri bildirib ki, səhnə pirotexnikasından çıxan qığılcımlar alovlana bilən materiallardan hazırlanmış tavan örtüyünə düşüb. Alov qısa müddətdə yayılaraq sıx tüstü və klubda panika yaradıb.
Konsertin video görüntülərində səhnənin hər iki tərəfində qığılcımlar sıçrayarkən musiqi qrupunun ifasını davam etdirdiyi görünür. Bir neçə saniyə sonra tavan alova bürünür, musiqiçilər səhnədən qaçmağa çalışır və bu zaman çəkiliş kəsilir.
Yanğınsöndürənlər çağırışdan bir neçə dəqiqə sonra hadisə yerinə çatıb və alovu söndürüb. Lakin artıq binanın böyük hissəsi yanaraq yararsız hala düşüb.
Qurbanlar və yaralılar
Rəsmi məlumata görə, 152 nəfər ölkə üzrə müxtəlif xəstəxanalara yerləşdirilib. Onların çoxu üz və əllərində ikinci dərəcəli yanıq xəsarətləri alıb. Yaralılar arasında yetkinlik yaşına çatmayanlar da var.
Hadisə şahidlərindən biri, 22 yaşlı Mariya Taseva "Kanal 5" telekanalına bildirib ki, çölə çıxmağa çalışarkən sıxlıqda yerə yıxılıb və insanların ayaqları altında qalıb.
"Hamı sadəcə xilas olmağa çalışırdı", - o, bildirib. Mariya izdiham zamanı bacısını itirdiyini deyib: "Biz onu heç bir xəstəxanada tapa bilmirik".
Hüquq-mühafizə orqanlarının reaksiyası
Bazar günü səhər polis klubun sahibini saxlayıb. Hadisə ilə bağlı daha dörd nəfər axtarışdadır. Şimali Makedoniyanın ədliyyə naziri İqor Filkov məsuliyyət daşıyan hər kəsin ədalət qarşısında cavab verəcəyini vəd edib.
Beynəlxalq dəstək və başsağlığı
Şimali Makedoniya baş naziri Xristiyan Mitskoski hadisəni ölkə üçün "çox ağır və kədərli gün" adlandırıb. "Bu qədər gənc həyatın itirilməsi bərpaolunmaz faciədir, onların ailələrinin və yaxınlarının ağrısını təsvir etmək mümkün deyil", - o, "X" sosial şəbəkəsində yazıb.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen və Avropa Şurasının sədri Antoniu Koşta başsağlığı verənlər arasındadır.
ABŞ-ın Şimali Makedoniyadakı səfiri Anjela Aqqeler də hadisəyə reaksiya verərək "X" platformasında yazıb: "Koçanidə gecə klubundakı yanğında çoxlu sayda insanın həlak olması ürəyimi parçalayıb". O, ABŞ səfirliyinin ölkəyə dəstək göstərməyə hazır olduğunu bildirib.
Bu, son onilliyin ən ağır faciələrindən biridir...
Koçanidəki yanğın son illərdə gecə klublarında baş vermiş ən dəhşətli hadisələrdən biri olub. 2015-ci ildə Rumıniya paytaxtında konsert zamanı yanğın baş verib və 64 nəfər həyatını itirib.
2013-cü ildə Braziliyanın Santa-Mariya şəhərində oxşar faciə 240-dan çox insanın ölümünə səbəb olub. Hər iki hadisədə də səbəb pirotexniki effektlər olub.
Şimali Makedoniya hökuməti ölənlərin xatirəsinə yeddi günlük matəm elan edib. Həkimlər isə xəbərdarlıq edir ki, qurbanların sayı arta bilər, çünki 20-dən çox yaralının vəziyyəti kritikdir.