Dünya
278
00:03, Bu gün

"İranda etirazlarla bağlı 10 nəfər edam edilib, daha 14 nəfər ölüm təhlükəsi ilə üz-üzədir" - BMT

"Bu edamlar ədalətli məhkəmə hüququnun ciddi pozuntuları fonunda həyata keçirilir..."
 
İran hökuməti 2022-ci ildən başlayan etiraz aksiyalarında iştirak edənləri sistemli şəkildə təqib edir və onlara qarşı, o cümlədən edam cəzasından istifadə edir.
 
Moderator.az xəbər verir ki, bu barədə BMT-nin martın 14-də yaydığı hesabatında deyilir. Məlumatı "gordonua.com" nəşri yazıb. 
 
Hesabata əsasən, 2022-ci ilin sentiyabrında baş verən kütləvi etirazlardan iki il yarım sonra İran hakimiyyəti qadınların, qızların və insan hüquqları tələb edən digər şəxslərin hüquqlarını daha da məhdudlaşdırmaq üçün addımlar atır.
 
İranda etirazlarla əlaqədar artıq 10 kişi edam edilib, daha azı 11 kişi və 3 qadın edam təhlükəsi altındadır. Onların bəziləri beynəlxalq hüquqla qorunan fəaliyyətlərə görə ölüm hökmünə məhkum edilib.
 
BMT-nin hesabatında qeyd olunur ki, bu edamlar ədalətli məhkəmə hüququnun ciddi pozuntuları fonunda həyata keçirilir. Xüsusilə, işgəncə yolu ilə alınmış etiraflardan istifadə olunması və məhkəmə proseslərinin şəffaf olmaması narahatlıq doğurur.
 
BMT həmçinin İranda yeni seçilən prezident Məsud Pezeşkianın sərt qanunların yumşaldılacağına dair vədlər verdiyini xatırladır. Lakin əksinə ölkədə dövlət tərəfindən dəstəklənən nəzarət sistemləri, məhkəməsiz cəzalandırmalar və rəqəmsal məkan üzərində məhdudiyyətlər daha da gücləndirilib. Bu isə xüsusilə qadınların və qızların fundamental hüquqlarını daha da məhdudlaşdırır.
 
BMT bildirir ki, İran hakimiyyəti təkcə ölkə daxilində deyil, xaricdə yaşayan insan hüquqları müdafiəçilərinə, o cümlədən jurnalistlərə qarşı təzyiqlərini artırıb. Son iki il ərzində BMT-nin beynəlxalq missiyası İranda insan hüquqlarının pozulmasına dair 38 mindən çox material toplayıb.
 
Xatırladaq ki, 2022-ci ilin sentiyabrında İranda 22 yaşlı Məhsa Əmininin ölümü ilə əlaqədar genişmiqyaslı etiraz aksiyaları başlayıb. O, 13 sentyabrda ailəsi ilə birlikdə Tehrana gəlmiş və hicabı düzgün taxmamaq iddiası ilə əxlaq polisi tərəfindən saxlanılıb. Ailəsinə onun "yenidən tərbiyə olunması" seansından sonra buraxılacağı deyilib.
 
Lakin şahidlərin sözlərinə görə, Əmini polis maşınında döyülüb və üç gün sonra xəstəxanada dünyasını dəyişib. İran polisi onu döymədiyini və gənc qadının ürək tutmasından öldüyünü iddia edir.
 
Məhsa Əmininin sentyabrın 17-də dəfnindən sonra İranda sərt geyim qaydalarına və digər azadlıqların məhdudlaşdırılmasına qarşı kütləvi etirazlar başlayıb. Bu nümayişlər İranın əksər bölgələrinə yayılıb və 2019-cu ildən bəri ölkədə baş verən ən böyük etiraz aksiyalarına çevrilib. "Reuters" agentliyinin məlumatına görə, 2019-cu il yanacaq qiymətləri ilə bağlı etirazlarda təxminən 1500 nəfər öldürülüb.
 
HRANA hüquq müdafiə təşkilatının məlumatına əsasən, 3 dekabr 2022-ci ilə qədər etirazlar zamanı 469 nəfər, o cümlədən 64 uşaq həlak olub. Həmçinin 18 mindən çox insan həbs edilib. İran hakimiyyəti isə 200 etirazçının ölümünü rəsmi olaraq etiraf edib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər