"Ukraynanın Rusiya ərazisinin bir hissəsini ələ keçirməsi mühüm mənəvi yüksəlişə səbəb olub..."
Keçən ilin yayında Ukrayna qoşunları Rusiyanın Kursk vilayətində gözlənilməz əməliyyat həyata keçirib. İkinci Dünya müharinəsindən sonra Rusiya ərazisinə ilk xarici müdaxilə baş verib. Bununla belə, əməliyyatın real nəticələri yalnız indi bəlli olur.
Moderator.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşrində dərc edilən məqalədə deyilir.
Nəşr xatırladır ki, Ukrayna Qərb texnikasından, o cümlədən tanklardan və artilleriyadan istifadə edərək avqustun 6-da sərhədi yarıb və düşməni təəccübləndirib. Onlar bir neçə gün ərzində Rusiyanın 1300 kvadrat kilometr ərazisini, o cümlədən Avropaya qaz tədarükü üçün strateji əhəmiyyət daşıyan Suca şəhərini nəzarətdə saxlayıb.
Əməliyyat nəticəsində ələ keçirilən ərazi Rusiyanın Ukraynada tutduğu torpaqlarla müqayisədə kiçik olub, lakin bu addım Kiyevə müharibənin sonu ilə bağlı danışıqlarda strateji üstünlük qazandırıb. Lakin sülh danışıqlarına başlanması ilə Ukraynanın Kurska nəzarəti sürətlə azalmağa başlayıb.
Kurskdan çıxış
Cümə axşamı Rusiya prezidenti Vladimir Putin hərbi geyimdə Kursk bölgəsinə səfər edib. Bu, Rusiya Müdafiə Nazirliyinin səkkiz aylıq döyüşlərdən sonra Sucanı yenidən nəzarətə götürdüyünü elan etməsi fonunda baş verib.
Dərhal ehtimallar yaranıb ki, ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini məhdudlaşdırıb və bu da mövqelərin itirilməsinə səbəb olub. Lakin əslində Ukraynanın Kurska nəzarətinin zəifləməsi Rusiya çağırışçılarının, Şimali Koreya qoşunlarının və elit bölmələrin artan təzyiqi ilə bağlı olub.
Əməliyyatın başlanğıcında Ukrayna ordusu sürətlə irəliləyib və ciddi müqavimətlə qarşılaşmayıb, lakin sonradan Rusiya öz əks-hücumunu təşkil edib. 2024-cü ilin oktyabrına qədər Rusiya ordusu mühüm körpüləri dağıtmaq və Sucaya giriş imkanlarını məhdudlaşdırmaq kimi əks-taktikalardan istifadə edərək Ukraynanın mövqelərini əhəmiyyətli dərəcədə zəiflədib.
Əməliyyatın əsas məqsədləri zamanla dəyişib. Əvvəlcə bu, Ukrayna ordusunun ruh yüksəkliyini artırmaq məqsədi daşıyıb. Sonra isə rusiyalı sərhədçilər və müddətli hərbi qulluqçular "mübadilə fondu"na çevrilib, onlar ukraynalı hərbi əsirlərlə dəyişdirilib.
Lakin zaman keçdikcə məlum olub ki, əsas məqsəd Ukraynanın şərq və cənub cəbhələrində Rusiya qüvvələrini zəiflətmək olub. "İlk həftələrdən sonra Rusiya komandanlığı Ukraynanın təzyiqinə tab gətirə bilməyərək, ordunun bəzi bölmələrini Kursk vilayətinə köçürməyə başlayıb", - Ukrayna Müdafiə Nazirliyinin keçmiş müşaviri Sergey Kuzan bildirib.
Daha sonra Rusiya ordusu Ukrayna mövqelərini sıxışdırmağa başlayıb və noyabr ayına qədər Ukraynanın Kursk üzərində nəzarəti 40 faiz azalıb. Döyüşlər zamanı Rusiya yeni taktikalardan istifadə edib, məsələn, pilotsuz uçuş aparatları ilə Ukrayna təminat xətlərinə zərbələr endirib. "Kursk vilayətində dağıntılar miqyaslıdır, yüzlərlə nəqliyyat vasitəsi məhv edilib", - analitik Endryu Perpetua yazıb.
2025-ci ilin fevral ayının sonunda Ukrayna komandanlığı Sucadan geri çəkilmək qərarına gəlib. Bu addım hərbçilərin həyatını qorumağa xidmət edib, lakin ağır texnikanın itirilməsinə səbəb olub. Prezident Vladimir Zelenski bu qərarın ukraynalı əsgərlərin həyatını qorumaq üçün doğru addım olduğunu bildirib. Lakin bu addım xüsusilə ABŞ tərəfindən verilmiş texnikanın bölgədə qalması səbəbindən Qərbdə müəyyən tənqidlərə səbəb olub.
Kursk əməliyyatının nəticələri
Buna baxmayaraq, bəzi hərbi ekspertlər bu əməliyyatın Rusiyanı başqa cəbhələrdə istifadə edə biləcəyi resursları sərf etməyə məcbur etdiyini bildirir. "Bu qoşunlar indi Donetsk vilayətində hücuma keçə bilərdi, lakin onlar Rusiya ərazisində qanlı döyüşlərə girmək məcburiyyətində qalıb", - Kuzan bildirib.
Bütün uğurlara baxmayaraq, əməliyyat müharibənin ümumi gedişinə strateji təsir göstərməyib. "Taktiki baxımdan bu, Ukraynanın mənəvi ruhunu yüksəldib, lakin təkcə bununla müharibəni qazanmaq mümkün deyil", - Böyük Britaniyanın Moskvadakı keçmiş hərbi attaşesi Con Forman qeyd edib.