Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ və Ukrayna arasında əldə olunan Ciddə razılaşması qeyd-şərtsiz 30 günlük atəşkəsi nəzərdə tutur. Rusiya atəşkəs təklifinə birbaşa yox deməsə də, irəli sürdüyü şərtlərlə faktiki olaraq bunu rədd etmiş oldu. Moskvanın şərtləri sülhə real marağının olmadığını göstərir.
Bu barədə Moderator.az-a danışan politoloq Bakir Həsənbəyli deyir ki, əslində hər iki tərəfdə müharibə yorğunluğu olduğu üçün münaqişənin bir an öncə bitməsində istər Rusiya, istərsə də, Ukrayna maraqlıdır:
“Bundan başqa II Dünya müharibəsindən sonra baş vermiş münaqişələr içərisində Ukrayna-Rusiya müharibəsi dünya təchizat zəncirinin qırılmasına səbəb oldu. Bu münaqişə nəticəsində nəinki hər iki dövlər, eyni zamanda dünya problemlərlə üzləşdi. Türkiyənin moderatorluğu ilə yaradılan taxıl dəhlizi, enerji daşıyıcılarının təminatındakı problemlər, inflyasiya və s. buna misaldır. Məsələyə bu aspektdən baxanda əslində bütün dünya bu münaqişənin bitməsində maraqlıdır. Digər tərəfdən Rusiyanın günlük müharibə xərci 350 milyon dollara yaxınlaşır. Ukrayna isə müharibəyə hər gün 142 milyon dollar xərcləyir. Göründüyü kimi 3 ildən artıq davam edən müharibə fonunda hər iki ölkənin itirdikləri kifayət qədər ciddi rəqəmlərlə müşayət olunur. Putinin atəşkəsə müəyyən şərtlərlə razılıq verməsi isə siyasətin tələblərindəndir. Əvvəla Putin bilir ki, 3 illik münaqişənin nəticəsi olaraq yüz minlərlə insan, milyardlarla vəsait itkisi müqabilində əldə etdiyi demək olar simvolik ərazilərdir. Ona görə simvolik ki, həmin ərazilər Rusiya tərəfinddən illər önc ilhaq olunmuşdu. Sadəcə Putin daxili auditoriyanın və komandasının “bu müharibə nə üçün idi?” – sualına həmin strafeji əhəmiyyəti olmayan əraziləri göstərəcək. Putinin şərtləri siyasətin qaydalarındadır: Maksimumu istə ki, minimuma nail ol”.
Politoloqun fikirincə, Ciddə razılaşmasında atəşkəsə nail olmaq əslində ABŞ-ın hədəfidir:
“Çünki prezident Trampın seçki öncəsi vədlərindən biri də, bu münaqişəni bitirmək idi. Münaqişənin bir an öncə bitməsi Trampın strateji hədəflərinə daxildir. Çünki qarşıda Çin və İranla hesablaşma prosesi var. Ukrayna – Rusiya müharibəsi Tramp və komandası üçün hədəfdən yayınmaya səbəb olur. Əslində ABŞ Rusiya ilə bağlı hədəflərinə nail olub. Maddi imkanlar tükənib, hərbi sənaye kompleksindəki mənfi saldonu aradan qaldırmaq üçün on illərlə zaman tələb olunacaq, avtoritet zədələnib, 16 sanksiya paketi və s. Putin özü ilə bağlı situatsiyanı hər kəsdən daha dəqiq bilir. Sadəcə, qeyd etdiyim kimi danışıqlar masasında mümkün olan tavana nail olmaq istəyir. Buna nə qədər nail olacağını isə danışıqlar prosesinin sonunda görmək olacaq. Çünki Putinin özü ilə bağlı gördüyünü, masa ətrafında olanlar da, görür”.
Mehin Mehmanqızı