"Nazirlər Rusiyaya hərbi əməliyyatları davam etdirəcəyi təqdirdə yeni sanksiyaların tətbiq olunacağı barədə xəbərdarlıq edib..."
G7 ölkələrinin xarici işlər nazirləri martın 14-də, cümə günü Kanadanın La-Malbe şəhərində keçirilən sammitin yekunlarına dair birgə bəyanat yayıb. Sənəddə Ukraynaya dəstək məsələsində birliyin nümayiş etdirildiyi vurğulanır.
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məlumatda deyilir ki, nazirlər Ukraynanın ərazi bütövlüyünə sarsılmaz dəstəklərini bir daha təsdiqləyərək, atəşkəsin vacibliyini qeyd edib. Sənəddə həmçinin Rusiyaya hərbi əməliyyatları davam etdirəcəyi təqdirdə yeni sanksiyaların tətbiq olunacağı barədə xəbərdarlıq yer alıb.
Xüsusilə neft qiymətlərinə məhdudiyyətlər, Ukraynaya əlavə dəstək və Rusiyanın dondurulmuş suveren aktivlərindən əldə edilən gəlirlərin istifadəsi müzakirə olunub.
Nazirlər eyni zamanda Şimali Koreya, İran və Çinin Moskvaya göstərdiyi hərbi yardımı pisləyib. Onlar vurğulayıb ki, Çin Rusiyaya ikili təyinatlı komponentlər tədarük edir və bu, onun silahlı qüvvələrinin bərpasına kömək edir.
Bəyanatda G7 ölkələrinin Ukraynanın mövcudluq hüququnu, onun suverenliyini, müstəqilliyini və azadlığını tanıdıqları bildirilir. Həmçinin, martın 11-də Səudiyyə Ərəbistanında ABŞ və Ukrayna arasında keçirilmiş danışıqların atəşkəsə nail olmaq istiqamətində səylərin bir hissəsi kimi alqışlandığı qeyd olunur.
Bundan əlavə, Ukraynanın təhlükəsizliyinin təmin olunmasının zəruriliyi müzakirə edilib. Bu, Rusiyanın gələcəkdə yeni təcavüzünü istisna etmək məqsədilə "güclü və inandırıcı təhlükəsizlik hazırlıqları" kimi ifadə olunub.
"G7 üzvləri Rusiyanı qarşılıqlı addım ataraq bərabər şərtlərlə atəşkəsə razılaşmağa və onu tam şəkildə tətbiq etməyə çağırır. Onlar vurğulayır ki, hər hansı atəşkəsə ciddi şəkildə əməl olunmalıdır və Ukraynanın yeni təcavüzçaktlarına qarşı durmaq və özünü qorumaq üçün etibarlı təhlükəsizlik tədbirləri vacibdir", - sənəddə bildirilir.
Nazirlər Ukraynaya iqtisadi və humanitar dəstəyin davam etdiriləcəyini, xüsusilə 10-11 iyul 2025-ci ildə Romada keçiriləcək Bərpa Konfransı çərçivəsində bu dəstəyin gücləndiriləcəyini açıqlayıb.
"Nazirlər müharibənin, xüsusilə mülki əhali və infrastruktur üçün nəticələrindən narahatlıqlarını ifadə edib. Onlar hesabatlılığın əhəmiyyətini müzakirə edərək, Ukraynanın demokratik, azad, güclü və çiçəklənən bir dövlət kimi qalmasını təmin etmək üçün birgə fəaliyyətə sadiq olduqlarını təsdiqləyib", - bəyanatın Ukraynanın uzunmüddətli təhlükəsizliyinə həsr olunmuş yekun hissəsində deyilir.
ABŞ-ın Ukrayna məsələsində mövqeyi
Bundan öncə BMT Təhlükəsizlik Şurası Rusiyanın Ukraynaya müdaxiləsinin üçüncü ildönümü münasibətilə ABŞ-ın neytral qətnaməsini qəbul edib.
Rusiyanın BMT-dəki səfiri Vasili Nebenzya ABŞ-ın münaqişə ilə bağlı mövqeyində "konstruktiv dəyişikliklər" olduğunu etiraf edib. O, qətnamənin "ideal olmadığını", lakin "sülh yolu ilə nizamlanmaya doğru gələcək səylər üçün başlanğıc nöqtəsi" olduğunu bildirib.
Sənəddə "Rusiya-Ukrayna münaqişəsində" insanların həlak olmasına görə təəssüf ifadə olunur, BMT-nin əsas məqsədinin sülhü və təhlükəsizliyi qorumaq, mübahisələri sülh yolu ilə həll etmək olduğu vurğulanır və münaqişənin tezliklə dayandırılmasına çağırış edilir.
Martın 13-də ABŞ maliyyə naziri Skott Bessent bəyan edib ki, əgər zərurət yaranarsa, Vaşinqton Rusiyaya qarşı ən sərt sanksiyalar tətbiq etməyə hazırdır və bu qərar tərəddüdsüz qəbul ediləcək.