İran ABŞ-ın ölkənin neft sektoruna qarşı yeni sanksiyalarını pisləyib
Dünya
261
14 Mar 2025 | 23:10

İran ABŞ-ın ölkənin neft sektoruna qarşı yeni sanksiyalarını pisləyib

"Bu, beynəlxalq hüququn və azad ticarətin əsas prinsiplərinin açıq şəkildə pozulmasıdır..."
 
İran hakimiyyəti Vaşinqtonun tətbiq etdiyi sanksiyalara kəskin reaksiya verərək onların "beynəlxalq hüququ pozduğunu və ölkə iqtisadiyyatına ciddi təsir göstərməyəcəyini" bəyan edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Anadolu Ajansı" agentliyi  məlumat yayıb.
 
Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bakainin sözlərinə görə, neft sektoruna və neft naziri Mohsen Paknejada qarşı məhdudiyyətlər azad ticarət prinsiplərinə ziddir. O, vurğulayıb ki, Vaşinqton bu yolla Tehrana təzyiq göstərməyə çalışır, lakin bu, İranın mövqelərinin zəifləməsinə səbəb olmayacaq.
 
ABŞ Maliyyə Nazirliyi 13 mart 2025-ci il tarixində sanksiyalar tətbiq edildiyini elan edərək bunu İran neftinin qeyri-qanuni ixracına qarşı mübarizə ilə əsaslandırıb. ABŞ hökuməti həmçinin Paknejadı Yaxın Şərqdə hərbi əməliyyatları dəstəkləməkdə və silahlı qruplaşmaları maliyyələşdirməkdə ittiham edib.
 
İranın neft naziri isə cavab olaraq sanksiyaları ölkənin destabilizasiyasına yönəlmiş iqtisadi təzyiq forması adlandırıb. O, həmçinin qeyd edib ki, İran neftinin tədarükünə məhdudiyyətlər dünya bazarında qiymətlərin artmasına və qlobal enerji təhlükəsizliyinin risk altında qalmasına səbəb ola bilər.
 
Yeni məhdudiyyətlərin tətbiqi Vaşinqton və Tehran arasında qarşıdurmanın növbəti mərhələsi olub. ABŞ prezidenti Donald Tramp daha öncə İranı nüvə proqramı ilə bağlı danışıqları bərpa etməyə çağırıb. Lakin İranın Ali dini lideri Ayətullah Əli Xamenei bunu rədd edərək ölkənin siyasətini sanksiya təzyiqi altında müzakirə etməyə hazır olmadığını bəyan edib.
 
Sanksiyaların sərtləşdirilməsinə cavab olaraq Tehran enerji resurslarının ixracı üçün alternativ yollar yaratmağa çalışaraq Çin və Rusiya ilə danışıqları intensivləşdirib. Xarici təzyiqlərə baxmayaraq, İran hakimiyyəti neft tədarükünü qoruyub saxlaya biləcəyinə əmindir.
 
İran XİN-in rəsmi nümayəndəsi "ABŞ-ın sanksiya siyasətinə və müstəqil ölkələrə təzyiq göstərməyə sadiq qalmasını beynəlxalq hüququn aliliyinin pozulması və beynəlxalq sülh və təhlükəsizlik üçün təhdid" adlandırıb.
 
Bakayi vurğulayıb ki, ABŞ-ın İranın digər ölkələrlə iqtisadi və ticarət əlaqələrini pozmağa yönəlmiş addımları "beynəlxalq hüququn və azad ticarətin əsas prinsiplərinin açıq şəkildə pozulmasıdır".
 
"İran belə birtərəfli və qanunsuz addımların nəticələrinə və təsirinə görə ABŞ hökumətini məsuliyyət daşıyan tərəf hesab edir", - o, qeyd edib.
 
Dünən ABŞ Maliyyə Nazirliyi İranın neft naziri Paknejada, habelə İran neftinin ixracı ilə məşğul olan bir sıra şirkət və gəmilərə qarşı sanksiyalar tətbiq etmək qərarına gəldiyini elan edib.
Link kopyalandı!
Son xəbərlər