"Seçilmiş bölgələr kasıb və zorakıllığın geniş yayıldığı ərazilərdir..."
ABŞ və İsrail Şərqi Afrikanın üç ölkəsinə Qəzza sakinlərini onların ərazisində yerləşdirməyi "müzakirə etməyi" təklif edib.
Moderator.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.
Məlumatda deyilir ki, Donald Trampın Qəzzadakı fələstinlilərin üçüncü ölkələrə köçürülməsi planı hələ də qüvvədədir.
Agentliyin məlumatında bu planın ilk dəfə Donald Tramp tərəfindən 4 fevral 2025-ci ildə İsrail baş naziri Binyamin Netanyahu ilə görüş zamanı açıqladığı xatırladılır. İsrail bu ideyanı müsbət qarşılayıb, lakin ərəb dünyası "şiddətli etiraz" edərək, 52 milyard dollarlıq alternativ bərpa planı təklif edib.
ABŞ və İsrail rəsmiləri diplomatik kanallar vasitəsilə Şərqi Afrikanın üç ölkəsinin rəhbərliyi ilə əlaqə saxlayaraq, Qəzza sakinlərinin ABŞ prezidenti çərçivəsində təqdim edilən proqram əsasında köçürülməsi imkanlarını müzakirə etməyi təklif edib.
Danışıqların aparıldığı ölkələr Sudan, Somali və Somalilənddir. Sudan hakimiyyəti ABŞ-ın bu təklifini rədd etdiyini açıqlasa da, Somali və Somalilənd rəsmiləri hər hansı bir rəsmi təmasdan xəbərsiz olduqlarını bildirib.
Bununla belə, məqalədə ABŞ və İsrail mənbələrinin danışıqların yalnız aparılmadığını, həm də artıq irəliləyiş mərhələsində olduğunu qeyd etdikləri vurğulanır. Ancaq əlaqələrin hansı səviyyədə qurulduğu bəlli deyil.
Agentliyin mənbələrinin açıqlamalarına görə, ABŞ və İsrail Qəzzadan fələstinlilərin köçürülməsini həyata keçirmək üçün potensial tərəfdaşlara təqdim edə biləcəkləri bir sıra stimullara malikdir, bunlar maliyyə, diplomatik və texnoloji təşviqlərdir. Həmçinin, adları çəkilən ölkələrlə xüsusi münasibətlərin olduğu bildirilir:
Sudan 2020-ci ildə İbrahim Razılaşmalarına qoşulmağa və İsraillə diplomatik əlaqələri normallaşdırmağa hazır olduğunu bəyan edib. Buna cavab olaraq ABŞ Sudanın adını terrorçuluğu dəstəkləyən ölkələr siyahısından çıxarıb.
Lakin Sudan və İsrail arasında münasibətlər vətəndaş müharibəsi səbəbilə inkişaf etməyib. Buna baxmayaraq, Sudan hakimiyyəti ciddi maliyyə dəstəyinə ehtiyac duyur və fələstinliləri qəbul etmək müqabilində bunu əldə edə bilər.
Somalilənd Afrika Buynuzunda yerləşən və təxminən 4 milyon nəfərlik əhaliyə malik olan bir bölgədir. Bu ərazi 30 ildən çoxdur ki, Somalidən ayrılıb, lakin beynəlxalq miqyasda geniş tanınmayıb. ABŞ-ın Somaliləndi tanıması ehtimalı burada güclü bir stimul ola bilər.
Somali açıq şəkildə fələstinliləri dəstəkləyən bir dövlətdir. Somali Ərəb Dövlətləri Liqasının Trampın planını rədd edən qətnaməsinə dəstək verib.
Məqaləsində vurğulanır ki, seçilmiş bütün bölgələr kasıb və zorakılığın geniş yayıldığı ərazilərdir. Ağ Ev və Binyamin Netanyahunun ofisi bu barədə şərh verməkdən imtina edib.