ABŞ-ın xüsusi nümayəndəsi Putinlə danışıqlar aparıb, Trampın komandası ilk detalları açıqlayıb
Dünya
542
14 Mar 2025 | 17:58

ABŞ-ın xüsusi nümayəndəsi Putinlə danışıqlar aparıb, Trampın komandası ilk detalları açıqlayıb

"Hər iki tərəfin tələbləri var və əlbəttə ki, hər iki tərəf müəyyən güzəştlərə getməli olacaq..."
 
ABŞ prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff martın 13-də Rusiya diktatoru Vladimir Putinlə görüş keçirib və artıq Amerikaya qayıdır.
 
Moderator.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Maykl Uolts "Fox News" kanalının efirində məlumat verib.
 
Onun sözlərinə görə, Tramp administrasiyası Səudiyyə Ərəbistanının Ciddə şəhərində ukraynalı nümayəndələrlə keçirilən son görüşdən və Putinin döyüş əməliyyatlarının başa çatdırılmasına dair şərtlərindən sonra "ehtiyatlı nikbinlik" nümayiş etdirir. 
 
Uolts əlavə edib ki, Tramp Uitkoffun Rusiyadakı danışıqların nəticələri barədə məlumat verdikdən sonra gələcək addımlarla bağlı qərar qəbul edəcək.
 
"Mən Moskvada olmuş həmkarım, xüsusi elçi Uitkoffla danışdım və o, bizə qiymətləndirmələr gətirir. Bunun əsasında prezident Tramp gələcək addımları müəyyən edəcək. Təbii ki, hər iki tərəfin tələbləri var və, əlbəttə, hər iki tərəf müəyyən güzəştlərə getməli olacaq", - müşavir qeyd edib.
 
Eyni zamanda, Uolts əlavə edib ki, Donald Trampı önləməmək üçün heç bir açıqlama vermək və ya məsələləri milli televiziyada müzakirə etmək niyyətində deyil.
 
Rusiya liderinin mətbuat katibi Dmitri Peskov da görüşün baş tutmasını təsdiqləyib. "Uitkoff prezident Putin tərəfindən qəbul edilib. Rusiya tərəfinə əlavə məlumat təqdim olunub, həmçinin Putin Uitkoff vasitəsilə prezident Trampa informasiya və əlavə siqnallar ötürüb. Bütün deyilə biləcəklərim budur", - Peskov bildirib.
 
Peskov əlavə edib ki, görüşdən sonra "ehtiyatlı nikbinlik" üçün əsaslar var. Onun sözlərinə görə, Rusiya prezidenti Trampın Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı mövqeyini dəstəkləyir, lakin "həll edilməsi üçün birgə cavab tapılmalı olan bəzi məsələləri" səsləndirib.
 
Kreml nümayəndəsinin sözlərinə görə, Uitkoff ABŞ prezidentinə məlumat verdikdən sonra Putin və Tramp arasında söhbətin nə vaxt keçiriləcəyinə qərar vermək mümkün olacaq.  O, əlavə edib ki, hər iki tərəf belə bir dialoqun vacibliyi ilə bağlı anlayışa malikdir.
 
Bundan əlavə, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Maykl Uoltsun Rusiya tərəfdən həmkarı ilə Ukraynada atəşkəsin təmin olunması barədə telefon danışığı apardığı da bildirilir.
Link kopyalandı!
Son xəbərlər