Dünya
425
17:25, Bu gün

"30 günlük atəşkəs zamanı Ukraynada hərbi vəziyyət ləğv ediləcəkmi?" - Podolyak

"Rusiya ilə mümkün müvəqqəti atəşkəs halında olsa belə, Ukraynada prezident seçkiləri keçirilmək çox təhlükəlidir..."
 
Ukraynada cəbhədə 30 günlük atəşkəs elan olunsa belə, hərbi vəziyyət ləğv edilməyəcək və prezident seçkiləri baş tutmayacaq. 
 
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak "Repubblica" nəşrinə müsahibəsində bildirib.
 
"30 günlük atəşkəs müharibənin sonu demək deyil. Vəziyyət qeyri-müəyyən olacaq. Hərbi vəziyyətin və ölkənin müdafiə prosedurlarının belə qısa müddət ərzində ləğvi mümkün deyil. Danışıqlar, atəşkəsin pozulmasını qeydə ala bilən və tərəflərin ayrılmasını təmin edə bilən beynəlxalq müşahidəçilər tələb olunacaq. Biz, vəziyyət tam həll olunana qədər, döyüş qabiliyyətimizi qoruyub saxlamalıyıq", - Podolyak vurğulayıb.
 
O, əlavə edib ki, 30 günlük atəşkəs elan edilsə belə, Ukraynada seçkilər keçirilməyəcək. Çünki seçki məntəqələrinin və kampaniyanın təhlükəsizliyini təmin etmək mümkün deyil. Bunun yalnız neytral müşahidəçilərin təmin etdiyi sabit atəşkəs danışıqları başlayarsa mümkün olacağını bildirib.
 
Jurnalistlərlə söhbətində Podolyak vurğulayıb ki, Ukrayna "qırmızı xətlərindən" geri çəkilmir. Onun sözlərinə görə, ölkənin suverenliyi prioritet olaraq qalır. "Xeyr, "qırmızı xətlər" nə fiziki, nə ideoloji, nə də siyasi baxımdan dəyişdirilə bilməz. Ərazi bütövlüyü varlıq məsələsidir: Rusiya Ukrayna torpaqlarını təzyiq vasitəsi kimi işğal edir. 2014 və 2022-ci illərdə buna görə cəzalandırılmayıb. Bizim suverenliyimiz tapdalanır. Rusiya diktatoru hesab edir ki, Ukraynanın iqtisadi, siyasi və hərbi ittifaqlarla əlaqələri olmamalıdır, kollektiv təhlükəsizlik öhdəlikləri ilə qorunmaq hüququmuz yoxdur", - o, qeyd edib.
 
"O, Ukraynanın öz kimliyindən, tarixindən, mədəniyyətindən, dilindən və informasiya sahəsindən imtina etməsini tələb edir. Ordumuz olmamalıdır və əgər ona nəsə xoş gəlməzsə, hökumətimizi dəyişəcək. Bu qəbuledilməzdir. Biz təhlükəsizlik zəmanətləri, qlobal müdafiə sistemi və raket bazaları yaratmalıyıq. Ordunu yenidən təşkil etməli, hərbi istehsala investisiyaları artırmalıyıq. Avropa İttifaqı ölkələrindən konkret öhdəliklərə ehtiyacımız var", - Podolyak bildirib.
 
Podolyak Putinin müvəqqəti atəşkəsə razılaşmaq niyyətində olmadığını düşünür. Onun sözlərinə görə, hazırda Rusiya diktatorunun nə edəcəyini gözləmək qalır. "O, qeyri-müəyyən cavab verir. Bir tərəfdən, "Əlbəttə, bu aydındır, bu lazımdır" deyir, digər tərəfdən isə davamlı şəkildə 'bəzi incə məqamlar var' fikrini təkrarlayır. Bu isə atəşkəs ideyasını belə məhv edir", - Podolyak qeyd edib.
 
Prezident Ofisi rəhbərinin müşavirinin sözlərinə görə, Putin faktiki olaraq Ukraynanın özünü müdafiədən imtina etməsini, silah tədarükünü dayandırmasını, silah istehsalını azaltmasını və cəbhə xəttinə nəzarətdən əl çəkməsini tələb edir. O, bildirib ki, Kiyev bu şərtləri qəbul etməyəcək.
 
Buna baxmayaraq, Podolyak Ukrayna nümayəndələrinin Səudiyyə Ərəbistanında keçirilən görüşünün uğurlu keçdiyini vurğulayıb: "Aydın oldu ki, kim müharibəni davam etdirmək istəyir. 2014-cü ildən bəri əldə etdiyimiz təcrübə göstərir ki, Moskva bütün razılaşmaları pozur. Sammit onu elə bir vəziyyətə saldı ki, indi açıq şəkildə mövqeyini bildirməlidir. Gözləyək, görək necə olur".
 
Bundan əlavə, Podolyak jurnalistlərlə söhbətində ABŞ-ın sammitdə Ukraynanın hansı güzəştlərə getməli olduğu barədə sərt tələblər qoymadığını bildirib: "ABŞ-ın maraqları var və bunlar dəfələrlə Tramp tərəfindən vurğulanıb. O, müharibənin probleminin tez və effektiv həllini istəyir. Vaşinqton Ukraynaya şəffaf iqtisadi əlaqələr qurmaq niyyətindədir, çünki ora böyük həcmdə hərbi və maliyyə resursları yatırıb, - o, deyib.
 
"Ukrayna da effektiv ikitərəfli münasibətləri bərpa etməkdə çox maraqlıdır. ABŞ-ın kritik əhəmiyyət daşıyan silah arsenalı, raketdən müdafiə sistemləri, xüsusi sursatlar və kəşfiyyat məlumatları var. Moskva danışıqlara getməklə, müharibəni dayandırmaqla və atəşkəslə öz həqiqi mövqeyini nümayiş etdirməlidir. Onun cavabı mənfi olacaq", - müşavir vurğulayıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər