Avropa Şurası Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yekunlaşmasını alqışlayır
Dünya
421
15:45, Bu gün

Avropa Şurası Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yekunlaşmasını alqışlayır

Avropa Şurasının Baş katibi Alain Berset Ermənistan və Azərbaycanın Sülh və Dövlətlərarası Münasibətlərin qurulması haqqında Saziş layihəsi üzrə danışıqların yekunlaşdırılması ilə bağlı açıqlamalarını alqışlayır.
 
APA xəbər verir ki, bu barədə Baş katibin bəyanatında deyilir.
 
Alain Berset xatırladıb ki, 2001-ci ildə Avropa Şurasına üzv olarkən hər iki ölkə dinc əməkdaşlıq istiqamətində çalışmağa söz verib.
 
Berset bildirib ki, bu Saziş layihəsi hər iki dövlətin həmin potensialdan istifadə etmək və regionda sabit və davamlı sülh yaratmaq iradəsinin sübutudur.
 
Baş katib vurğulayıb ki, Avropa Şurasının Nizamnaməsinə uyğun olaraq, mehriban qonşuluq münasibətləri ruhunda və hər iki ölkənin suverenliyinə və ərazi bütövlüyünə tam hörmətlə bu sürəti qorumaq və prosesi problemsiz başa çatdırmaq vacibdir.
 
O, Avropa Şurasının Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasını tam dəstəklədiyini və insan hüquqları, demokratiya və qanunun aliliyinə tam hörmətin təmin edilməsi məqsədilə hər iki üzv dövlətə dəstək verməyə davam edəcəyini bildirib.
 
Qeyd edək ki, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlikləri bəyanat yayaraq, Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığını bildirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər