Dünya
1379
00:30, Bu gün

"İsrail məqsədli şəkildə fələstinlilərin reproduktiv sağlamlığını məhv edir" - BMT-nin hesabatı

"İsrail fələstinlilərə qarşı getdikcə daha çox seksual, reproduktiv və digər cinsi zoraklılıq formalarından istifadə edir..."
 
İsrail reproduktiv sağlamlığın qorunmasına cavabdeh olan fələstinli qurumları sistemli şəkildə məhv edərək, soyqırım aktları törədir.
 
Moderator.az xəbər verir ki, bu barədə BMT-nin işğal olunmuş Fələstin ərazilərində törədilən cinayətlərin araşdırılması üzrə Müstəqil Beynəlxalq Komissiyasının hesabatında deyilir. Məlumatı "Anadolu Ajansı" agentliyi yayıb.
 
Hesabata əsasən, İsrail fələstinlilərə qarşı getdikcə daha çox seksual, reproduktiv və digər cinsi zorakılıq formalarından istifadə edir. Məqsəd onların öz müqəddəratını təyin etmək hüququndan məhrum edilməsidir. Bu hesabat BMT-nin İnsan Haqları Şurasının 58-ci sessiyasında Komissiya nümayəndələri tərəfindən təqdim edilib.
 
Hesabatda 7 oktyabr 2023-cü ildən etibarən işğal olunmuş fələstinli ərazilərdə qadınlara, qızlara və kişilərə qarşı törədilmiş hüquq pozuntuları sənədləşdirilib.
 
Müəlliflər vurğulayır ki, İsrail cinsi və gender əsaslı zorakılığı hərbi strategiyasının bir hissəsi kimi tətbiq edir. Məqsəd Fələstin xalqı üzərində nəzarəti ələ almaq və onu basqı altında saxlamaqdır. Komissiya nümayəndələri bildirir ki, təcavüz və digər gender zorakılığı formaları İsrailin ən yüksək vəzifəli mülki və hərbi rəhbərlərinin əmri və ya təhriki ilə həyata keçirilir.
 
Hesabatda qeyd olunur ki, işğal altındakı İordan çayının Qərb sahilində də "israilli məskunlaşanların" fələstinli cəmiyyətə qorxu aşılamaq və onları didərgin salmaq məqsədilə törətdiyi cinsi və gender cinayətlərinə qarşı cəzasızlıq mühiti hökm sürür.
 
BMT hesabatında vurğulanır ki, İsrailin fələstinli ərazilərinə tətbiq etdiyi blokada humanitar yardımların, o cümlədən təhlükəsiz hamiləlik, doğuş, doğuşdan sonrakı qayğı və yenidoğulmuşlara qulluq üçün vacib olan dərman və tibbi avadanlıqların çatdırılmasına maneçilik törədir.
 
Bu addımlar qadınların reproduktiv hüquqlarını, yaşamaq, sağlamlıq, ailə qurmaq, insan ləyaqəti, fiziki və psixi toxunulmazlıq hüquqlarını pozur. "Qadınlar və qızlar İsrail hakimiyyətinin yaratdığı şərait səbəbindən hamiləlik və doğuşla bağlı fəsadlardan dünyasını dəyişir. Onların reproduktiv sağlamlıq xidmətlərinə çıxışı tamamilə məhdudlaşdırılıb. Bu hərəkətlər məhvetmə aktı və bəşəriyyətə qarşı cinayət kimi qiymətləndirilə bilər", - hesabatda bildirilir.
 
BMT Komissiyası qeyd edir ki, İsrail hakimiyyəti Qəzzada reproduktiv sağlamlıq xidmətlərini sistemli şəkildə məhv edərək fələstinlilərin reproduktiv potensialına qismən son qoyub. Bu addımlar Roma Nizamnaməsi və Soyqırım Konvensiyasına uyğun olaraq soyqırım aktı kimi qiymətləndirilə bilər, çünki fələstinlilərin fiziki məhvinə və doğumun qarşısının alınmasına səbəb olan həyat şəraiti yaradılıb.
 
"İsrailin sıx məskunlaşmış ərazilərdə binalara yönəlmiş hədəfli hücumları və ağır partlayıcı maddələrdən istifadə etməsi nəticəsində Qəzzada həlak olan qadınların sayı əhəmiyyətli dərəcədə artıb. Hamilə qadınlar da daxil olmaqla, hər yaşdan qadın və qızlara hücum halları qeydə alınıb. Bu əməllər qətl, bəşəriyyətə qarşı cinayət və hərbi cinayət sayılan qəsdən adam öldürmə kimi təsnif edilə bilər", - hesabatda vurğulanır. Bu cür pozuntular fələstinlilər üçün geriyədönməz uzunmüddətli nəticələr doğurur.
 
Komissiya sədri Navi Pillay hesabatda gətirilən faktların seksual və gender zorakılığının əhəmiyyətli dərəcədə artdığını sübut etdiyini bildirib. "Şübhə yoxdur ki, İsrail fələstinlilərə qarşı seksual və gender zorakılığından istifadə edərək onları terrora məruz qoyur və öz müqəddəratını təyinetmə hüququnu sarsıdan təzyiq sistemini qoruyub saxlayır", - Komissiya sədri vurğulayıb.
 
Onun sözlərinə görə, İsrail hərbçilərinə açıq mesaj verilir ki, onlar bu əməlləri cəzasız şəkildə davam etdirə bilərlər. "Bu kontekstdə Beynəlxalq Cinayət Məhkəməsi (BCM) və daxili qanunvericilik və ya universal yurisdiksiya əsasında fəaliyyət göstərən milli məhkəmələr ədaləti təmin etmək və hüququn aliliyini qorumaq baxımından mühüm rol oynayır", - Pillay qeyd edib.
 
O, həmçinin vurğulayıb ki, doğum evlərinə və Qəzzadakı əsas süni mayalanma klinikasına edilən hücumlar, eləcə də aclığın müharibə vasitəsi kimi istifadəsi anklavın reproduktiv sağlamlığına ciddi təsir göstərib.
 
"Bu pozuntular təkcə qadınlara və qızlara ağır fiziki və psixoloji zərər və əzab verməklə qalmayıb, həm də fələstinlilərin reproduktiv sağlamlığına, doğum potensialına və psixoloji vəziyyətinə geri dönməz uzunmüddətli nəticələr buraxıb", - BMT Komissiyasının sədri əlavə edib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər