Bizi sosial şəbəkələrdən izləyin:
Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev ABŞ-yə səfəri çərçivəsində amerikalı həmkarı Kris Rayt ilə enerji sektorunda birgə layihələr, Qazaxıstan neftinin dünya bazarlarına çıxarılması və əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib.
Görüş “CERAWeek 2025” beynəlxalq enerji konfransı çərçivəsində baş tutub.
Tərəflər Strateji Enerji Dialoqunun (SED) inkişafı, enerji təchizatının şaxələndirilməsi və “yaşıl enerji” sahəsində əməkdaşlıq perspektivlərini nəzərdən keçiriblər. Görüş zamanı “Kaşağan”, “Tengiz” və “Qaraçaqanak” yataqlarında həyata keçirilən layihələr ətraflı müzakirə edilib. Qazaxıstan tərəfi bu layihələrə ABŞ investisiyalarının və texnologiyalarının cəlb olunmasının vacibliyini vurğulayıb.
Bundan əlavə, istixana qazı emissiyalarının azaldılması, bərpa olunan enerji mənbələrinin inkişafı, mülki nüvə enerjisi və kritik əhəmiyyətli materialların hasilatı sahəsində əməkdaşlıq imkanları dəyərləndirilib. Qazaxıstan, xüsusilə, kiçik modul reaktorlarının (SMR) inkişafı və istismarı sahəsində ABŞ-nin təcrübəsini öyrənməkdə maraqlı olduğunu bildirib.
Görüşdə Qazaxıstan neftinin nəqli marşrutlarının şaxələndirilməsi məsələsinə xüsusi diqqət yetirilib. A. Satkaliyev Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) strateji əhəmiyyətini vurğulayaraq, bu dəhlizin inkişafında ABŞ-nin dəstəyinə ümid etdiyini qeyd edib. Tərəflər, həmçinin, sanksiya məhdudiyyətlərinin Qazaxıstan neftinin dünya bazarlarına sabit tədarükünə mümkün təsirlərini müzakirə ediblər.
Nazir bildirib ki, Qazaxıstan və ABŞ enerji sahəsində strateji tərəfdaşdır: “Biz əməkdaşlığımızı yüksək qiymətləndiririk və onu daha da genişləndirmək niyyətindəyik. “Yaşıl enerji” və yeni texnologiyalar sahəsində böyük potensial görürük. Əminəm ki, birgə səylərlə qlobal enerji təhlükəsizliyinə və dayanıqlı inkişafa töhfə verə bilərik”, – deyə o vurğulayıb.