"Əgər bu diplomatik yaxınlaşma davam edərsə, ABŞ və Rusiya arasında Ukrayna, Qəzza və İran böhranlarının həllində yeni perspektivlər aça bilər..."
ABŞ və Rusiya ilk dəfə olaraq Suriya məsələsində ortaq mövqeyə gəlib. Hər iki ölkə BMT Təhlükəsizlik Şurasında təcili məsləhətləşmələri tələb edib.
Moderator.az xəbər verir ki, bu barədə "The American Conservative" nəşri yazıb
Nəşr yazır ki, vaxtilə Suriyaya görə kəskin qarşıdurma yaşayan Vaşinqton və Moskvanın bu addımı atması diqqətçəkəndir.Əgər bu diplomatik yaxınlaşma davam edərsə, Ukrayna münaqişəsi də daxil olmaqla, digər böhranların həllində yeni perspektivlər aça bilər.
Qeyd edilir ki, Rusiya və ABŞ-ın BMT-dəki nümayəndələri Suriyadakı gərgin vəziyyəti müzakirə etmək üçün martın 10-da qapalı iclas tələb edib. Bu, iki ölkə arasındakı münasibətlərin son illərdə nə qədər gərgin olduğunu nəzərə alsaq, gözlənilməz hadisədir.
Suriyada son hadisələr və artan gərginlik
Suriyanın şimal-qərbində baş verən son toqquşmalar xüsusilə narahatlıq doğurur. London yerləşən Suriya İnsan Haqları Müşahidə Mərkəzinin (SOHR) məlumatına görə, burada azı 1311 nəfər həlak olub, onların əksəriyyəti mülki şəxslərdir.
Münaqişə martın 6-da devrilmiş prezident Bəşər Əsədə sadiq qüvvələrin pusquya düşməsi ilə başlayıb. Cavab olaraq yeni hökumətə tabe olan təhlükəsizlik qüvvələri sərt əməliyyat keçirib və nəticədə minlərlə radikal döyüşçü qərb bölgələrinə axışıb.
Xüsusilə Əsədə bağlı ələvilər, eləcə də xristianlar və digər dini azlıqlar hədəfə çevrilib. Sünni radikallar ələviləri "kafir" və "keçmiş rejimin qalıqları" adlandıraraq onları məhv etməyə çalışır. Bu qanlı qarşıdurmalar əsasən Latakiya və Tartus şəhərlərində baş verib.
Yeni hökumətin rəhbəri Əhməd əş-Şəranın idarəçiliyi getdikcə daha çox sual doğurur. Onun başçılıq etdiyi "Heyət Təhrir əş-Şam" (HTŞ) qruplaşması faktiki olaraq "Əl-Qaidə"nin bir qolu hesab olunur. Əş-Şəranın Suriya azlıqlarının təhlükəsizliyini təmin edəcəyinə dair vədləri inandırıcı görünmür.
ABŞ və Rusiyanın yeni yanaşması
Tramp administrasiyası ilə yaxınlığı ilə tanınan keçmiş konqresmen Tülsi Qabbard illər öncə Əsədin devrilməsinin ağır nəticələr doğura biləcəyini xəbərdar edib. O zaman Qabbard "Əsədin apologeti" adlandırılıb, lakin son hadisələr onun haqlı olduğunu göstərir.
ABŞ Dövlət katibi Marko Rubio Suriyadakı qətliamları qınayaraq, müvəqqəti hökuməti günahkarları məsuliyyətə cəlb etməyə çağırıb. O, bildirib ki, ABŞ Suriya azlıqlarını-xristianları, druzları, ələviləri və kürdləri dəstəkləyir.
Lakin əsas məqam odur ki, Vaşinqton və Moskva Suriyaya dair mövqelərini ilk dəfə uzlaşdırıb. Daha öncə BMT Təhlükəsizlik Şurası ABŞ və Rusiya arasında Suriya ilə bağlı gərgin mübahisələrin arenası olub. Vaşinqton rejim dəyişikliyi tələb edib, Moskva isə buna veto qoyub.
İndi isə vəziyyət dəyişir. Əgər bu diplomatik yaxınlaşma davam edərsə, ABŞ və Rusiya arasında Ukrayna, Qəzza və İran məsələləri üzrə də yeni əməkdaşlıq imkanları yarana bilər. Bu, qlobal münasibətlərdə ciddi dəyişikliklərə səbəb ola bilər.
Müəllif: Eldar Məmmədov