Bizi İrəvana Ermənistan dəvət edib - Paşinyanla görüşən türk jurnalist
Dünya
761
12 Mar 2025 | 14:56

Bizi İrəvana Ermənistan dəvət edib - Paşinyanla görüşən türk jurnalist

Ermənistanın baş naziri Nikol Paşinyan ötən gün Türkiyənin media nümayəndələrinə müsahibə verib. Məlumatı Paşinyanın özü yayıb. Bu, onun Türkiyə mətbuatına ilk geniş müsahibəsidir.
 
Paşinyanın paylaşdığı qısa videoda onun jurnalistlərlə söhbət etdiyi görünür. Müsahibənin detalları hələlik açıqlanmayıb.
 
Modern.az həmin müsahibədə iştirak edən türk jurnalistlərdən biri ilə həmsöhbət olub.
 
Türkiyənin NTV kanalının əməkdaşı Mete Çubukçu saytımıza açıqlamasında bildirib ki, müsahibə sabahdan - martın 13-dən etibarən yayımlanmağa başlayacaq. 
 
O qeyd edib ki, türk jurnalistlər Ermənistan tərəfindən İrəvana dəvət edilib. Jurnalist müsahibədə nələrin danışıldığını açıqlamaq istəməyib, ancaq əsasən Türkiyə-Ermənistan münasibətləri mövzusuna yer verildiyini deyib.
 
"Ermənistan tərəfindən müsahibə üçün dəvət edildik. Buradan reportaj da hazırlayırıq. Dünən Baş nazir jurnalistləri qəbul etdi, onunla görüşdük. Müsahibə sabah yayımlanacaq", - jurnalist əlavə edib.
 
Mete Çubukçunun sözlərinə görə, müsahibədə "Anadolu", "İhlas" informasiya agentliklərinin, NTV, "CNN Türk" kanallarının, "Sözcü" qəzetinin,  T24, Mediascope kimi media qurumlarının əməkdaşları olmaqla 15-ə yaxın jurnalist iştirak edib.
 
Qeyd edək ki, Ermənistanın "Hraparak" qəzetində müsahibə ilə bağlı bir sıra iddialar yayılıb. Qəzet yazır ki, Paşinyan Ermənistan-Türkiyə münasibətlərinin normallaşması, ilkin şərt olmadan sərhədlərin açılması, eləcə də qondarma "erməni soyqırımı"n tanınması məsələsinə münasibətə yenidən baxılmasından danışıb. Bundan əlavə, Paşinyan Meğri vasitəsilə maneəsiz dəmir yolu daşımalarını təmin etməyə hazır olduğunu bildirib.
Link kopyalandı!
Son xəbərlər