Pakistandanda separatçılar girovları edam etməklə və qatarı partlatmaqla hədələyir
Dünya
801
14:03, Bu gün

Pakistandanda separatçılar girovları edam etməklə və qatarı partlatmaqla hədələyir

"BMT baş katibi terror hücumunu pisləyib və girovların dərhal azad olunmasına çağırıb..."
 
Pakistanın Bəlucistan Azadlıq Ordusu (BLA) tərəfindən dünən baş verən dəhşətli terror aktı- 450 nəfər sərnişini olan qatarın girov götürülməsi ilə bağlı yeni məlumatlar ortaya çıxıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "ekhokavkaza.com" nəşri məlumat yayıb.
 
Məlumatda deyilir ki, Pakistan təhlükəsizlik qüvvələri 20 saatdan çoxdur ki, girovları azad etməyə və ərazidə nəzarəti bərpa etməyə çalışır. Rəsmilər azı 10 nəfər həlak olduğunu bəyan edib.
 
Hücum necə baş verib?
 
"Jaffer Express" qatarı Kvetta şəhərindən (Bəlucistan, Pakistanın cənub-qərbi) Peşəvara (Hayber-Paxtunxva vilayəti) gedərkən çərşənbə axşamı günorta saatlarında tuneldə silahlı BLA yaraqlıları tərəfindən dayandırılıb.
 
Dəmir yolu partladılıb, maşinist yaralanıb və yaraqlılar 450 sərnişini girov götürüb. Hökumət və dəmiryolu rəsmilərinin verdiyi məlumata görə, terrorçular azı 10 nəfəri öldürüb. Öldürülənlər arasında 9 təhlükəsizlik əməkdaşı və girov götürülən qatarın maşinisti var.
 
Girovların azad edilməsi əməliyyatı
 
Çərşənbə axşamı axşam saatlarında Pakistan qüvvələri terrorçuları mühasirəyə alıb və silahlı qarşıdurma baş verib. Məlumata görə, terrorçular qadın və uşaqları insan qalxanı kimi istifadə edir.
 
Axşam saatlarında Pakistan təhlükəsizlik qüvvələri 104 girovu xilas edib. Onların arasında 58 kişi, 31 qadın və 15 uşaq var. Lakin qalan sərnişinlərin taleyi hələ ki naməlumdur.
 
Rəsmilər bildirir ki, terror hücumu nəticəsində bir neçə qadın və uşaq yaralanıb. Girovların tam azad edilməsi istiqamətində əməliyyat davam edir.
 
BLA-nın ultimatumu
 
BLA nümayəndəsi Ciyand Bəluc dünən sosial şəbəkələrdə yayımlanan bəyanatında Pakistan hökumətini hədələyib. O, bütün Bəluc siyasi məhbuslarının, fəallarının və itkin düşmüş şəxslərin 48 saat ərzində azad olunmasını tələb edib.
 
"Əgər tələblərimiz göstərilən müddət ərzində yerinə yetirilməsə və ya işğalçı dövlət bu müddət ərzində hərbi əməliyyata başlasa, bütün hərbi əsirlər edam ediləcək və qatar tamamilə məhv ediləcək," - BLA bəyan edib.
 
Pakistan hökumətinin cavabı
 
Bəlucistanın baş naziri Mir Sarfraz Buqti çərşənbə axşamı gecə saatlarında terrorçuların tam məhv ediləcəyini bildirib. Təhlükəsizlik mənbələri məlumat verib ki, 16 yaraqlı öldürülüb, bir çoxu yaralanıb.
 
Beynəlxalq reaksiya
 
BMT-nin baş katibi Antonio Quterreş hücumu kəskin şəkildə pisləyib və girovların dərhal azad olunmasına çağırıb. BMT nümayəndəsi Stefan Düjarrik bununla bağlı bəyanat verib.
Link kopyalandı!
Son xəbərlər