İran prezidenti Trampa səslənib:
Dünya
930
11 Mar 2025 | 23:59

İran prezidenti Trampa səslənib: "Nə istəyirsən, elə, lənət şeytana!"

"Zelenskiyə etdikləriniz utancvericidir! Sizin əmr verməyiniz qəbuledilməzdir. Mən təhdid altında Sizinlə danışıqlar aparmayacağam..."
 
İran prezidenti Məsud Pezeşkian ABŞ-ın təzyiq altında danışıqlar aparmaq çağırışını rədd edib və ABŞ prezidenti Donald Trampa sərt cavab verib: "Nə istəyirsən, elə, lənət şeytana!".
 
Moderator.az xəbər verir ki, bu barədə İranın "İRNA" dövlət agentliyi məlumat yayıb.
 
Pezeşkian ABŞ ilə danışıqların perspektivinə dair fikrini bildirib və Trampın təklif etdiyi ultimatumla bağlı mövqeyini açıqlayıb. "Zelenskiyə etdikləriniz utancvericidir! Sizin əmr verməyiniz qəbuledilməzdir. Mən təhdid altında sizinlə danışıqlar aparmayacağam. Nə istəyirsinizsə, onu da edin!" - İran prezidenti vurğulayıb.
 
Ötən həftə Tramp ABŞ-ın İranla bağlı iki seçimi olduğunu bildirib: "Ya hərbi yol, ya da razılaşma". O, həmçinin İranın təcrid olunmasına və neft ixracının sıfıra endirilməsinə yönəlmiş "maksimum təzyiq" siyasətini bərpa etdiyini təsdiqləyib. Bu addımların məqsədi Tehranın nüvə proqramının dayandırılmasıdır.
 
Ağ Evdə keçirilən brifinq zamanı Tramp ABŞ-ın İran məsələsində son hazırlıqları tamamladığını bildirib. Bu açıqlama onun İranın Ali dini lideri Ayətullah Əli Xameneiyə məktub göndərdiyi barədə xəbərlərin fonunda səslənib. Lakin İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Araqçı və İranın BMT-dəki daimi nümayəndəliyi bu məktubu almadıqlarını açıqlayıb.
 
ABŞ prezidenti yaxın zamanda İranla bağlı mühüm hadisələrin baş verəcəyini və ictimaiyyətin bu barədə məlumatlandırılacağını bildirib. O, üstünlük verdiyi variantın sülh yolu ilə həll olduğunu, lakin lazım gələrsə, başqa tədbirlərə əl atmaqdan çəkinməyəcəyini də əlavə edib.
 
İranın Ali dini lideri Ayətullah Əli Xamenei də Pezeşkianın mövqeyini dəstəkləyib. O, daha əvvəl Tehranın "şantaja boyun əyməyəcəyini" bəyan edərək, ABŞ-ın şərtləri ilə danışıqlara getmək imkanını istisna edib.
 
Xamenei həmçinin Vaşinqtonun nüvə proqramından kənar məsələləri, o cümlədən ballistik raketlərin hazırlanması və silahlı qruplaşmalara dəstək mövzularını müzakirə gündəliyinə salmaq planlarını tənqid edib. 
 
Son illərdə İran uranın zənginləşdirilmə proqramını xeyli sürətləndirərək, onun təmizliyini 60 faizə çatdırıb, bu isə nüvə silahı istehsalı üçün tələb olunan 90 faizlik həddə olduqca yaxındır. Beynəlxalq Atom Enerjisi Agentliyi bu vəziyyətdən narahatlığını ifadə edərək, İranın bütün nüvə obyektlərinə giriş tələb edib.
 
Tramp isə İranın tez bir zamanda cavab verməli olduğunu bildirib və danışıqları uzatmaq niyyətində olmadığını vurğulayıb. O, yay aylarına qədər diplomatik həll üçün pəncərənin bağlana biləcəyinə və o vaxta qədər sanksiya rejiminin uzadılması məsələsinin gündəmə gələcəyinə işarə edib.
Link kopyalandı!
Son xəbərlər