"İran Rusiya texnologiya şirlətlərinin beynəlxalq bazara çıxması üçün ilk cəhdlərdən biridir..."
Rusiya və İran birgə mikroelektronika istehsalı haqqında saziş imzalayıb. Rusiya tərəfindən bu sövdələşməyə Sənaye və Ticarət Nazirliyi rəhbərlik edir. Sazişin icrası nəticəsində tərəflər, digər məsələlərlə yanaşı, məhsulu yeni bazarlara çıxarmağı planlaşdırır.
Moderator.az xəbər verir ki, bu barədə Rusiyanın “Kommersant” biznes nəşri məlumat yayıb.
Məlumatda deyilir ki, ilkin mərhələdə avtomobil sensorları, telekommunikasiya multipleksorları və çiplərin çapı üçün litoqrafik avadanlıqların birgə istehsalı nəzərdə tutulur.
Müvafiq əməkdaşlıq memorandumu Zelenoqrad Nanotexnologiya Mərkəzi (ZNTM) ilə İran İslam Respublikasının Nano- və Mikrotexnologiyaların İnkişafı Qərargahı arasında imzalanıb. Rusiya KİV-lərinin məlumatına görə, ZNTM İranın dizayn mərkəzləri üçün müqavilə əsaslı istehsalatların inteqratoru kimi çıxış edəcək.
"Kommersant"ın jurnalistləri bu memorandumu Rusiyanın elektronika istehsalçıları ilə müzakirə edib. "Elvis" Elmi-Texniki Mərkəzinin (NPTs "Elvis") qurucusu Yaroslav Petriçkoviç qeyd edib ki, Rusiya mikroelektronika istehsalçıları üçün istənilən bazar, o cümlədən İran bazarı maraqlıdır. "Lakin böyük ehtimalla, söhbət yalnız ixtisaslaşmış məhsullardan gedir və bu bazar kifayət qədər məhduddur," -
Petriçkoviç bildirib.
"Fplus: holdinqinin adının açıqlanmasını istəməyən nümayəndəsi isə qeyd edib ki, "İran Rusiya texnologiya şirkətlərinin beynəlxalq bazara çıxması üçün ilk cəhdlərindən biridir".
"Kommersant"ın jurnalistləri ötən ilin yayında İranın milli mikroelektronika proqramının nümayəndəsi Nima Arjmandinin bəyanatını xatırladıb. O, İran İslam Respublikasında çip bazarının "heç kim tərəfindən inhisara alınmadığını" bildirib.
"Bəzi şirkətlər aktiv şəkildə silikon məhsulları sahəsində fəaliyyət göstərir və ixracla məşğuldur. Avadanlıq sahəsində də İranın Nanotexnologiyaların İnkişafı Qərargahının dəstəyi ilə işə başlayan şirkətlər var," - bu barədə "Pars Today" nəşri məlumat verib.
Qeyd edək ki, bu ilin yanvarında Rusiya və İran Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsi imzalayıb. Bu baxımdan "Bazis" konsorsiumunun rəhbəri Arseniy Brıkin hesab edir ki, adıçəkilən ölkələr təkcə mikroelektronika sahəsində deyil, digər sahələrdə də əməkdaşlığı inkişaf etdirəcək. "Yaxın gələcəkdə nəqliyyat, logistika, texnologiyalar, enerji və digər sahələr üzrə tərəfdaşlığın şahidi ola bilərik," - Brıkin bildirib.
Qeyd edək ki, nə İranın, nə də Rusiyanın mikroçip istehsalı sahəsində ciddi nailiyyətləri yoxdur. Hər iki ölkənin praktik olaraq belə istehsalı mövcud deyil, onlar əsasən Qərb və ya Qərb texnologiyaları əsasında hazırlanmış Asiya məhsullarından istifadə edir.
Belə ki, Rusiyanın öz "hardware" texnologiyalarını tətbiq etməyə yönələn bütün cəhdləri əsasən Çin mənşəli, Qərb prosessorları əsasında hazırlanmış cihazların lokallaşdırılmasına yönəlib. Bəzən bu cihazlar Rusiyanın tələblərinə uyğunlaşdırılmış xüsusi Linux paylanmaları ilə təchiz edilir.