"ABŞ prezidenti dünyada bütü münaqişələrə son qoymaq niyyətindədir..."
Tramp administrasiyasının Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff Moskvaya səfər etməyi və Rusiya prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırır.
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi iki mənbəyə istinadən xəbər verir.
"Bloomberg"in mənbəsinə görə, görüş artıq bu həftə baş tutacaq. Trampın etibarlı nümayəndəsinin bu çoxşaxəli səyləri ABŞ prezidentinin dünyada bütün uzunmüddətli müharibələrə, ilk növbədə isə üç ildir davam edən Rusiya-Ukrayna münaqişəsinə və İsrailin Qəzza, Livan və Suriyadakı terror təşkilatlarına qarşı 17 aylıq hərbi kampaniyasına son qoymaq niyyətində olduğunun növbəti sübutudur.
Görünən odur ki, Uitkoff ABŞ liderindən xüsusi mandat alıb, çünki ona münaqişə tərəfləri arasında əsas vasitəçi rolu həvalə edilib. Uitkoffun gözlənilən Moskva səfəri və Putinlə görüşü onun üçün ilk deyil.
O, fevral ayında artıq Moskvada olub və Rusiya prezidenti ilə görüşmüşüb. Həmin vaxt Putin ABŞ-a tibbi marixuana saxladığı üçün Rusiya məhkəməsi tərəfindən 14 il həbs cəzasına məhkum edilən amerikalı müəllim Mark Foqeli geri qaytarıb.
Tramp isə hələ 2025-ci ilin yanvarında vəzifəyə başladığı andan etibarən Putinlə görüşmək istədiyini bildirib. O vaxtdan bəri ABŞ və Rusiya arasında Bayden dövründə dayandırılan diplomatik əlaqələri bərpa etmək üçün bir sıra addımlar atıb.
Nəticədə Trampın inauqurasiyasına qədər Ukraynanın əsas müttəfiqi olan Vaşinqton bu münaqişə ilə bağlı siyasətini kəskin dəyişib: Tramp Moskva ilə birbaşa əlaqəyə girib, Kiyevə hərbi yardımı dayandırıb və Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsini dondurub.
Eyni zamanda, ABŞ Rusiya ilə danışıqlarla paralel olaraq, müharibənin dayandırılması məqsədilə Ukrayna ilə də fəal dialoq aparır. Bu gün, martın 11-də, çərşənbə axşamı ABŞ Dövlət katibi Marko Rubio və Amerikanın danışıqlar heyəti Səudiyyə Ərəbistanına gedərək, orada Ukrayna rəsmiləri ilə görüşüb.
Amerika nümayəndə heyətinin tərkibinə ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts da daxil edilib. Ukrayna nümayəndə heyətinə isə Zelenskinin baş müşaviri Andrey Yermak rəhbərlik edəcək.
ABŞ-ın iki rəsmi mənbəsinin verdiyi məlumata görə, bu görüşdə amerikalılar Ağ Evdə uğursuz alınan danışıqlardan sonra Ukraynanın müharibədə fasilə vermək üçün Rusiyaya ciddi güzəştlərə gedib-getməyəcəyini öyrənmək istəyir.
ABŞ-ın baş diplomatı bu mövzuda daha ehtiyatlı danışsa da, Stiv Uitkoff artıq ümid etdiyini bildirib ki, ABŞ və Ukrayna arasında faydalı qazıntılarla bağlı mübahisəli bir razılaşma imzalanacaq.
Bundan öncə Tramp "Air Force One"da jurnalistlərin suallarını cavablandırarkən Ukrayna ilə bağlı bir neçə yeni açıqlama verib. Xüsusilə, o, Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsinin tezliklə bərpa oluna biləcəyini söyləyib.
Tramp həmçinin Səudiyyə Ərəbistanındakı danışıqlardan müsbət nəticələr gözlədiyini vurğulayıb. "İnanıram ki, bu həftə ciddi irəliləyiş əldə edəcəyik", - o, bildirib.