Dünya
1573
11 Mar 2025 | 17:41

"Rusiyalılar Kursk vilayətində hücuma hazırlaşır" - ISW

"Ukrayna qüvvələri Kursk vilayətində Rusiya qoşunları tərəfindən mühasirəyə alma  cəhdlərinin qarşısını uğurla alır..."
 
Kursk vilayətindəki Rusiya qoşunları mövqelərini möhkəmləndirir və ehtimal ki, yaxın günlərdə Sucaya hücuma hazırlaşır.
 
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitikləri yazır.
 
Məlumata görə, geolokasiya çəkilişləri göstərir ki, Rusiya qoşunları Sucanın şimal-şərqində yerləşən Martınovkanın mərkəzinə doğru irəliləyib. Hücumda Rusiya ordusunun 44-cü ordu korpusunun və "Axmat-Çeçenistan" 1434-cü alayının bölmələri iştirak edir.
 
Bununla yanaşı, Rusiya hərbi müxbirləri bildirir ki, Rusiya qoşunları Suca yaxınlığında dörd yeni yaşayış məntəqəsini ələ keçirib və daha ikisində irəliləyib. Lakin ISW bu iddiaları təsdiqləyən sübutlar tapmayıb.
 
Bundan əlavə, Rusiya qoşunlarının Sucanın kənarlarını, eləcə də şəhərin cənubunda, Kurilovka və Quyevo yaxınlığındakı mövqeləri hücuma məruz qoyduğu bildirilir. Hücumlarda Rusiyanın 40-cı dəniz piyadaları briqadası, 177-ci dəniz piyadaları alayı və 810-cu dəniz piyadaları briqadasının bölmələri ilə yanaşı, iki Şimali Koreya taborunun da iştirak etdiyi qeyd olunur.
 
Eyni zamanda, Ukrayna qoşunları beynəlxalq sərhəd boyunca əks-hücumlar həyata keçirir. Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı, general Aleksandr Sırskı martın 10-da bəyan edib ki, Ukrayna Kursk və Sumı vilayətlərindəki qoşun qruplaşmasını əlavə dron və elektron müharibə bölmələri ilə gücləndirir və Ukrayna qüvvələri Kursk vilayətində Rusiya qoşunları tərəfindən mühasirəyə alma cəhdlərinin qarşısını uğurla alır.
 
Ukrayna Dövlət Sərhəd Xidmətinin nümayəndəsi Andrey Demçenko bildirib ki, Ukrayna qüvvələri Novenke və Juravka istiqamətində Rusiyanın hücumlarını dəf etmək üçün fəaliyyət göstərir. O, həmçinin qeyd edib ki, Rusiya qoşunları Sumı-Suva H-07 avtomobil yolu boyunca Ukraynanın əsas quru əlaqə xəttini kəsməyə çalışır.
 
Demçenko əlavə edib ki, hazırda Rusiya qüvvələri Ukraynanın şimalında digər bölgələrdə də genişmiqyaslı sərhədyanı əməliyyatlar aparmaq imkanına malikdir.
 
Kursk vilayətində vəziyyət necədir?
 
"DeepState" platformasının həmtəsisçisi Roman Pogorelı qeyd edib ki, Kursk vilayətində vəziyyət olduqca gərgindir. Düşmən Kursk qruplaşmasına demək olar ki, bütün istiqamətlərdən təzyiq göstərir. Pogorelıya görə, Rusiya işğalçı qüvvələri bölgədə resurslarını toplayıb və Ukrayna logistikasını hədəfə alaraq hücumlarını intensivləşdirib.
 
Bundan öncə "Forbes" nəşri yazıb ki, rusiyalılar 10 min ukraynalı əsgərini Kursk vilayətində blokadaya almaq üçün körpüləri məhv edir. Bildirilir ki, vəziyyət xüsusilə "Rubikon" dron bölməsinin bu əraziyə gətirilməsindən sonra daha da pisləşib.
Link kopyalandı!
Son xəbərlər