Dünya
306
10 Mar 2025 | 21:12

"Ukraynadakı müharibə ABŞ-ın dünya silah ticarətində üstünlüyünü gücləndirib" - "The Washington Post"

"ABŞ silah ixracı məsələsində unikal mövqedədir..."
 
Ukraynadakı müharibə ABŞ-ın qlobal silah sənayesindəki liderliyini daha da gücləndirib.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Washington Post" nəşri yazıb.
 
Araşdırmalara görə, 2020-2024-cü illərdə ABŞ-ın silah ixracı əvvəlki beşillik dövrlə müqayisədə 20 faizdən çox artaraq qlobal bazarın 43 faizinə çatıb.
 
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesabatına əsasən, son 20 il ərzində ABŞ qlobal silah ixracının orta hesabla 35 faizini təşkil edib. Bu da son dövrdə müşahidə edilən kəskin artımın qeyri-adi olduğunu göstərir.
 
"ABŞ silah ixracı sahəsində unikal mövqeyə malikdir. 43 fizlik payla onların qlobal bazardakı üstünlüyü ikinci ən böyük ixracatçı olan Fransadan dörd dəfədən çoxdur", -  SIPRI-nin silah ticarəti proqramının direktoru Metyu Corc bildirib.
 
Hesabatda qeyd olunur ki, Rusiya 2022-ci ilin fevralında işğala başladıqdan sonra Ukrayna dünyanın ən böyük silah idxalçısı olub. 2020-2024-cü illərdə Ukraynanın idxalı 2015-2019-cu illərlə müqayisədə 100 dəfə artıb. Eyni zamanda, Avropa ölkələrinin silah idxalı da 155 faiz yüksəlib. Bu artım Kreml ekspansionizmi ilə bağlı narahatlıqlar və ABŞ-ın Avropa ölkələrinə təzyiqləri nəticəsində baş verib.
 
"Tramp prezidentliyinin ilk dövründə silah satışlarını aqressiv şəkildə təşviq edib", - SIPRI araşdırmasında iştirak etməyən silah ticarəti eksperti Uilyam Hartunq bildirib.
 
O, əlavə edib ki, "The Vaşinqton Post"un jurnalisti Camal Qaşıqçının Səudiyyə Ərəbistanı agentləri tərəfindən qətlə yetirilməsinə baxmayaraq, Tramp Riyada silah satışına davam edib.
 
"Problem ondadır ki, artıq satışlar rekord həddə çatıb. O, bu rəqəmləri daha da artıra biləcəkmi?" - Hartunq sual edib.
 
Ukraynaya hərbi yardım ABŞ silah sənayesi üçün faydalı olub
 
Araşdırma göstərir ki, Ukraynaya edilən hərbi yardım ABŞ-ın silah istehsalçıları üçün böyük üstünlük yaradıb. ABŞ-ın Ukraynaya göndərdiyi silahların əksəriyyəti prezidentin səlahiyyətlərinə əsaslanan proqram çərçivəsində ABŞ hərbi ehtiyatlarından ayrılıb və ya istehsalçılardan birbaşa satın alınıb.
 
Qəzzadakı müharibənin qlobal silah ticarətinə təsiri isə SIPRI məlumatlarında hələ tam əks olunmayıb. Bunun səbəbi SIPRI-nin elan edilmiş satışları deyil, faktiki çatdırılmaları izləməsidir.
 
Metyu Corc bildirir ki, "satış və yardım elanları ilə faktiki çatdırılmalar arasında adətən gecikmə olur". O, əlavə edir ki, əgər ABŞ-ın Ukrayna və İsrailə ixrac etdiyi silahlar SIPRI məlumatlarından çıxarılsa belə, ABŞ-ın qlobal silah ixracında payı 2020-2024-cü illər üçün yenə də 37 faiz təşkil edəcək və bu, onları yenə də dünyanın ən böyük silah ixracatçısı edəcək.
 
Rusiyanın silah ixracı kəskin azalıb
 
SIPRI-nin məlumatına görə, Rusiyanın silah ixracı son beşillik dövrdə 64 faiz azalıb. Kreml Ukraynaya müdaxilə etdikdən sonra Rusiyaya qarşı diplomatik təcrid və iqtisadi sanksiyalar tətbiq edilsə də, SIPRI qeyd edir ki, ixracın azalması müharibədən öncə- 2020 və 2021-ci illərdə başlayıb.
 
SIPRI-nin aparıcı tədqiqatçısı Piter Vezeman bildirir: "Rusiyanın iki əsas silah ixrac bazarı artıq 2022-ci ildən əvvəl zəifləməyə başlayıb: Hindistan getdikcə digər təchizatçılara üstünlük verib, Çin isə öz inkişaf edən silah sənayesindən daha çox məhsul alıb".
Link kopyalandı!
Son xəbərlər