"Ukrayna bu danışıqlarda ABŞ-ı kəşfiyyat və hərbi dəstəyi bərpa etməyə inandırmağa çalışacaq..."
Ukrayna prezidentinin vəziyyəti getdikcə daha da çətinləşir, Tramp administrasiyasından gələn siqnallar isə həm qəribə, həm də məyusedicidir.
Moderator.az xəbər verir ki, bu barədə "The Times" nəşri yazıb.
Nəşr qeyd edir ki, Səudiyyə Ərəbistanında baş tutacaq danışıqlar Ukrayna prezidenti Vladimir Zelenski üçün ABŞ ilə münasibətləri düzəltməyin son şansı ola bilər, çünki onun mövqeyi getdikcə daha da təhlükəli görünür.
"Ukrayna lideri anlayır ki, Donald Tramp administrasiyası ilə heç olmasa müəyyən işgüzar münasibətləri bərpa etməsi həyati əhəmiyyət daşıyır. Lakin Vaşinqtondan gələn siqnallar həm məyusedici, həm də qəribədir", - nəşr qeyd edir.
Belə ki, Tramp Konqresə müraciətində Ukrayna barədə müsbət danışdıqdan cəmi bir neçə gün sonra Rusiya ilə işləməyin Ukrayna ilə işləməkdən daha asan olduğunu bildirib və hətta Ukraynanın "istənilən halda yaşaya bilməyəcəyini" irəli sürüb.
Lakin Ukraynanı və NATO-dakı Amerikanın əksər müttəfiqlərini narahat edən təkcə Trampın sözləri deyil. Vaşinqtonun Rusiyaya qarşı kiberhücumları dayandırmaq, Ukraynaya hərbi yardımı və kəşfiyyat məlumatlarının mübadiləsini dondurmaq qərarı Kiyevin Rusiyanın təzyiqinə, xüsusilə də Kursk bölgəsindəki vəziyyətə müqavimət göstərmək imkanlarını ciddi şəkildə zəiflədir.
Zelenski Ağ Evdə Tramp ilə keçirdiyi uğursuz görüşdən "təəssüfləndiyini" bildirib və ABŞ-a nadir torpaq metallarına çıxış imkanı verməyə hazır olduğunu bəyan edib.
Lakin bu simvolik və bahalı güzəşt belə bu kritik məqamda Kiyevə real kömək etməyə bilər, "The Times" vurğulayır. Bu güzəşt nə kəşfiyyat məlumatlarının bərpasına, nə ABŞ-ın mümkün sülhməramlı missiyalarda iştirakına, nə də Amerikanın faydalı qazıntıların hasilatı üçün Ukraynada dərhal fiziki mövcudluğuna zəmanət vermir:
"Ən yaxşı halda Zelenski Marko Rubionu Trampın yaxın həftələrdə Səudiyyə Ərəbistanında Putinlə görüşünün planlaşdırdığını nəzərə alsaq, onun Ukraynanın mövqeyini nəzərə almağı tövsiyə etməyə inandıra bilər.
Ukrayna və ABŞ-ın Ciddədəki danışıqları
"The Times"-ın məlumatına görə, Böyük Britaniya Ukraynaya ABŞ-la danışıqların təşkili ilə bağlı məsləhətlər verir ki, Zelenski və Tramp arasında daha bir uğursuz qarşıdurmanın qarşısı alınsın.
Bundan əlavə, məlumatlara görə, Ukrayna Səudiyyə Ərəbistanındakı danışıqlarda ABŞ-ı kəşfiyyat və hərbi dəstəyi bərpa etməyə inandırmağa çalışacaq.
Kiyev Rusiya ilə qismən atəşkəs təklif etməyi planlaşdırır, bu çərçivədə uzaqmənzilli pilotsuz uçuş aparatları və raket zərbələri, eləcə də Qara dənizdə döyüş əməliyyatları dayandırıla bilər.
Ukrayna ümid edir ki, bu addım Vaşinqtonu kəşfiyyat məlumatlarının mübadiləsini və silah tədarükünü bərpa etmək barədə qərarını yenidən nəzərdən keçirməyə məcbur edəcək.