Son günlər Rusiya-Ukrayna müharibəsində cəbhə xəttində Moskvanın hərbi fəallığının artdığı müşahidə edilir. Hərbi əməliyyatların intensivləşməsi fonunda Vaşinqton və Kiyev arasında mühüm danışıqların baş tutacağı gözlənilir. Hazırkı şəraitdə müharibənin gedişatı necə dəyişə bilər? ABŞ və Kiyev arasında planlaşdırılan danışıqlarda hansı nəticələr gözlənilir?
Moderator.az-a danışan politoloq Natiq Miri deyir ki, Səudiyyə Ərəbistanının Ciddə şəhərində ABŞ, Ukrayna nümayəndə heyətlərinin görüşü olacaq və burada əsas məsələ Ukraynanın nə qədər güzəştə gedə biləcəyi məsələsidir:
“Eyni zamanda, Ukraynanın təhlükəsizlik zəmanəti ilə bağlı məsələlər də əsas müzakirə mövzusu olacaq. Çünki atəşkəs heç nəyi həll etməyəcək. Ciddi sülh prosesi və təhlükəsizlik təminatları, eyni zamanda təhlükəsizlik qüvvələrinin yerləşdirilməsi və status məsələsi həll olunmadan Ukrayna atəşkəsə razı olmayacaqdır. Bu qısa müddətli atəşkəsə razı olmuş olsa belə, bu heç nəyi həll etməyəcək. Rusiyanın cəbhə xəttindəki aktivliyi bu danışıqlarla bilavasitə bağlıdır. Çünki ABŞ, Ukrayna arasındakı danışıqlardan başqa bir də ABŞ, Rusiya danışıqları gedir və perspektivdə bu, davamlı olacaq. Və ən nəhayət, ABŞ- Rusiya danışıqları başlayana qədər Rusiya yeni ərazilər, o cümlədən işğalda olan Kursk ərazilərini tamamilə Ukrayna ordusunun əlindən almaqla özünün masada mövqelərini gücləndirmək istəyir. Daha çox işğal etdiyi əraziləri dolayısı ilə Rusiyanın əraziləri kimi təsbit olunacaq. Çünki Rusiya artıq bunu konstitusiyasında təsbit edib. Amerika Birləşmiş Ştatları da bu ərazilərin Rusiya tərəfindən işğalına razı kimi görsənir. Buna görə də Rusiya nə qədər mümkünsə, bu Ukrayna Rusiya danışıqlarına qədər daha çox ərazini işğal etmək istəyindədir və paralel olaraq Amerika Birləşmiş Ştatlarının Ukrayna üçün yaratdığı məhdudiyyətlərdən ciddi şəkildə sui istifadə edir. Bayden dönəmində belə razılaşdırılmış və əvvəlcədən pulu ödənilmiş silahlar var ki, bu silahların Ukraynaya verilməsi də dayandırılıb. Və bunu əlbəttə ki, fürsətə çevirmək istəyən Rusiya daha çox ərazini işğal etmək istəyindədir və bu açıq şəkildə də görsənir”.
Politoloq vurğulayıb ki, Ukrayna müvəqqəti atəşkəsə razı deyil, təminatlar olduğu təqdirdə razı ola bilər. Belə bir təminat da yoxdur. ABŞ daha çox müharibəni Rusiyanın deyil, məhz Ukraynanın hesabına dayandırmaq istəyir:
“Çünki güzəştlərlə bağlı hələlik Rusiyaya hər hansı bir fikir bildirilməyib. Rusiyaya qarşı hansı sanksiyaların tətbiq olunacağı məsələsi də sadəcə sözdə mövcuddur. Ayrıca sanksiya məsələsi Rusiyanın o qədər də qorxutmur. Çünki bu günə qədər tətbiq olunan ən ciddi sanksiyalar var ki, bu sanksiyaların böyük əksəriyyətini Rusiya rahatlıqla aşa bilib. Ona görə də Ukrayna təhlükəsizlik təminatı almadan, məsələ tərəflər arasında ciddi müzakirə olunmadan atəşkəs qərarının veriləcəyini gözləmək olmaz. Əlbəttə ki, bu danışıqlar davam edəcək. Çünki Ukrayna bu danışıqlardan imtina etmir. ABŞ bir vasitəçi kimi deyil, özünü dünyanın jandarmı kimi özünü aparırsa və birtərəfli qaydada Rusiyaya deyil, yalnız Ukraynaya təzyiqi davam etdirirsə, belə bir vəziyyətdə Ukrayna ABŞ arasında nə minerallarla bağlı saziş imzalana bilər, nə də təhlükəsizlik təminatı verilə bilər. Təhlükəsizlik təminatı olmadığı təqdirdə Ukraynanın bu cür güzəştlərə gedəcəyini düşünmürəm, çünki bunu Ukrayna xalqı və ordusu qəbul etməz”.
N.Miri hesab edir ki, tərəflər arasında danışıqlar xeyli müddət davam edəcək. Hətta vəziyyət o həddə gəlib çıxa bilər ki, ABŞ bu vasitəçilikdən imtina edə bilər:
“Əlbəttə ki, bu, qlobal səviyyədə ABŞ adına çox böyük biabırçılıq olardı. Çünki seçki prosesində Tramp 24 saat ərzində bu münaqişəni həll edə biləcəyini deyirdi. ABŞ test etmək istəyir ki, Ukrayna hara qədər güzəştə gedə bilər, hara qədər təzyiq edilə bilər və sülh məsələsində nə qədər niyyətli və ciddidir? Əgər Ukrayna dirənə bilsə, özünün dövlət və təhlükəsizlik maraqlarını axıra qədər qoruya bilsə, ABŞ- ın Ukraynaya təzyiq siyasəti o qədər də keçərli olmayacaq. Ukraynanın təzyiqlər kontekstində dirənişi məsələsi təkcə Ukraynadan deyil, ABŞ- ı əvəzləyəcək Avropa Birliyinin və digər dövlətlərin nə qədər yardım məsələsində ciddi olduğundan asılı olacaq. Əgər bu yükü Ukraynanın tərəfdaşları boynuna götürəcəksə, Ukrayna dirənməyə davam edəcək”.
Mehin Mehmanqızı