"İran rejimi nüvə silahı əldə etməklə bağlı ambisiyalarına son qoymalıdır, əks halda maksimum təzyiqlə üzləşəcək..."
Ağ Ev İraqa İrana elektrik enerjisi üçün ödəniş etməyə icazə verən lisenziyanı uzatmamaq qərarına gəlib.
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məlumatda deyilir ki, bu addım ABŞ prezidenti Donald Trampın Tehrana qarşı "maksimum təzyiq" kampaniyası çərçivəsində atılıb.
"Biz İranın hər hansı iqtisadi və ya maliyyə imtiyazı əldə etməsinə icazə verməyəcəyik", - ABŞ Dövlət Departamentinin rəsmi şəxs qeyd edib. O, əlavə edib ki, Trampın İran əleyhinə kampaniyası "nüvə təhlükəsinə son qoymağa, ballistik raket proqramını dayandırmağa və terrorçu qruplaşmalara dəstəyini kəsməyə" yönəlib.
İraqın Baş nazirinin müşaviri Fərhad Alaləddin Vaşinqtonun bu qərarının İraq üçün "müvəqqəti əməliyyat çətinlikləri" yaratdığını bildirib.
"Hökumət elektrik enerjisinin tədarükünü qorumaq və mümkün fasilələri minimuma endirmək üçün alternativ variantlar üzərində fəal işləyir", - Alaləddin agentliyə verdiyi müsahibədə vurğulayıb.
O, əlavə edib ki, "enerji təhlükəsizliyinin gücləndirilməsi milli prioritet olaraq qalır və daxili istehsalın artırılması, enerji sistemlərinin effektivliyinin yüksəldilməsi və yeni texnologiyalara investisiya yatırmaq istiqamətində səylər tam sürətlə davam edəcək".
"Reuters" xatırladır ki, Vaşinqton Tehranın nüvə proqramı və terrorçu silahlı qruplaşmalara dəstəyi ilə bağlı bir sıra sanksiyalar tətbiq edib. Bu sanksiyalar faktiki olaraq İranda biznes aparan ölkələrə ABŞ-la ticarət etməyi qadağan edir.
"Prezident Tramp açıq şəkildə bildirib ki, İran rejimi nüvə silahı əldə etməklə bağlı ambisiyalarına son qoymalı, əks halda maksimum təzyiqlə üzləşəcək", - ABŞ Milli Təhlükəsizlik Xidmətinin nümayəndəsi Ceyms Hyuitt vurğulayıb.
O, əlavə edib: "Ümid edirik ki, rejim öz xalqının və regionun maraqlarını qeyri-sabitləşdirici siyasətindən üstün tutacaq".
Tramp administrasiyası kimi, Co Baydenin komandası da dəfələrlə Bağdadı İranın elektrik enerjisindən asılılığı azaltmağa çağırıb. Dünən, martın 8-də Dövlət Departamentinin nümayəndəsi bu çağırışı bir daha təkrarlayıb: "İran etibarsız enerji tədarükçüsüdür", - o, vurğulayıb.
Bundan öncə informasiya agentliyi mənbələri Ağ Evdə müzakirə edilən bir plan haqqında məlumat verib. Bu planın məqsədi İranın kütləvi qırğın silahları hazırlamasının qarşısını almaqdır. Xüsusilə İranın neft tankerlərinin strateji keçid nöqtələrində saxlanılması və yoxlanılması variantı nəzərdən keçirilir.
Bu addım Tehranın gəlir əldə etdiyi tədarük zəncirlərinə zərbə vura bilər. Əgər ABŞ və onun müttəfiqləri bu planı həyata keçirsə, bu həmçinin İrana dəstək verən tərəflərə qarşı əlavə sanksiyalar və İranın beynəlxalq nüfuzuna ziyanla nəticələnə bilər.