ABŞ ştatları Çini kovidə görə məhkəməyə verir - İlk qərar
Dünya
1279
08 Mar 2025 | 21:34

ABŞ ştatları Çini kovidə görə məhkəməyə verir - İlk qərar

Prezidenti Donald Trampın Çin məhsullarına qarşı rüsumları artırması azmış kimi, indi də ABŞ-ın Missuri ştatının federal məhkəməsi Çin hökumətini pandemiyanın başlanğıcında koronavirusun yayılması ilə bağlı məlumatları gizlətməkdə təqsirli bilərək, 24 milyard dollar təzminat ödənməsi barədə qərar qəbul edib.
 
Bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
 
“Nyu York Tayms” nəşrinin yazdığına görə, Missuri Prokurorluğu Çinə qarşı iddianı hələ 2020-ci ilin aprel ayında qaldırıb. Hakim iddianı təmin edib. Hakimin sözlərinə görə, Pekin COVİD-19 pandemiyasının təhlükələri və əhatə dairəsi haqqında dünyaya yanlış məlumat verib və fərdi qoruyucu vasitələrin istehsalında inhisar yaratmağa çalışıb.
 
Missuri məhkəməsinin qərarı Çin Kommunist Partiyasına, Çindəki yerli hökumətlərə və Çinin Milli Səhiyyə və Sosial İdarəsinə şamil edilir. Missuri Baş Prokurorluğu iddia əsasında cəriməni ödəmək üçün Çinin aktivlərini müsadirə etmək niyyətindədir. Missuri ştatı ilə yanaşı, digər ştatlarda da Çinə qarşı oxşar iddialar qaldılıb.
 
Avropa ölkələrindən pandemiyaya ilk İtaliya məruz qalmışdı. Bu ölkədə hər gün ölənlərin sayı minlərlə idi. Sonradan üzə çıxdı ki, pandemiyanı İtaliyada bu ölkənin müəssisələrində çalışan çinli işçilər yayıblar. İşçilər Çindən tətildən geri döndükdə özləri ilə xəstəliyi də gətirmişdilər. Sonrakı aylarda pandemiya digər Avropa ölkələrinə də çatdı. Bir müddət sonra ən dəhşətli vəziyyət ABŞ-da yarandı. Hər gün ölənlərin sayı minlərlə idi.
 
Aydındır ki, Çin ABŞ ştatlarının məhkəmə qərarlarını rədd edəcək. Pekin ABŞ məhkəməsinin qərarında vurğulanan “pandemiya barədə yanlış məlumat” və “fərdi qoruyucu vasitələrin istehsalında inhisarçılıq” tezislərini qəbul etməyəcək. Amma Ağ Ev sahibi Donald Trampın məhkəmə qərarından Pekinə qarşı təzyiq aləti kimi istifadə etməsi mümkündür”, - politoloq vurğulayıb.
Link kopyalandı!
Son xəbərlər