Suriya ordusu ilə Əsəd tərəfdarları arasında toqquşmalarda 70-dən çox ölən var
Dünya
1476
07 Mar 2025 | 10:51

Suriya ordusu ilə Əsəd tərəfdarları arasında toqquşmalarda 70-dən çox ölən var

Suriya təhlükəsizlik qüvvələri ilə Bəşər Əsədə bağlı silahlılar arasında baş verən toqquşmalarda 70-dən çox insan ölüb, onlarla insan yaralanıb.
 
APA AFP-yə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu məlumat yayıb.
 
“Baş Təhlükəsizlik Administrasiyasının 16 üzvü cümə axşamı Suriyanın şimal-qərbindəki Latakiyada keçmiş prezident Bəşər Əsəd qüvvələrinin tərəfdarları olan silahlı qrupların hücumları nəticəsində ölüb və ya yaralanıb”, – məlumatda qeyd edilib.
 
Suriyanın dövlət xəbər agentliyi SANA isə təhlükəsizlik mənbəsinə istinadən bildirib ki, Əsədin silahlı qruplaşmalarına bağlı qruplar Latakiyadakı Beyt-Ana yaxınlığında Müdafiə Nazirliyinin əməkdaşlarını və maşınlarını hədəf alıb. Nəticədə bir əsgər ölüb, yaralananlar var. Bildirilib ki, hücum edənlər yaralıları təxliyə etməyə çalışan təcili yardım maşınlarına da atəş açıblar.
 
Bundan əlavə “Al-Jazeera” televiziya kanalının fotoqrafı Riyad Əl-Hüseyn də Cəblədəki hadisələri işıqlandırarkən yaralanıb.
 
SANA-nın məlumatına görə, Suriya ordusu Bəşər Əsədi dəstəkləyən silahlı birləşmələrlə mübarizə aparmaq üçün Latakiya və Tartus şəhərlərinə daxil olub. Qeyd edilib ki, Bəşər Əsəd rejiminin devrilməsindən bəri hərbi hakimiyyət keçmiş rejimə sadiq olanların silahlarını təhvil vermələri üçün barışıq mərkəzləri açıb. Bununla belə, bəzi fraksiyalar buna əməl etməkdən imtina edib, nəticədə bir çox əyalətdə qarşıdurmalar yaranıb.
 
Xatırladaq ki, Bəşər Əsəd ötən ilin dekabrın 8-də Rusiyaya qaçıb, nəticədə 1963-cü ildən hakimiyyətdə olan Baas Partiyasının rejiminə son qoyulub. Əsədi devirmək üçün anti-rejim qüvvələrinə rəhbərlik edən Əhməd əl-Şaraa yanvarın 29-da keçid dövrü üçün prezident elan edilib.
Link kopyalandı!
Son xəbərlər