"Zamanla biz soyuğa uyğunlaşmış fillər nəsli yetişdirib, onları vəhşi təbiətə qaytara biləcəyik..."
Amerikanın "Colossal Biosciences" özəl şirkəti genetik modifikasiya olunmuş uzun tüklü siçanlar yetişdirdiyini bəyan edib.
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.
Məlumatda deyilir ki, əvvəlcə tədqiqatçılar mamontun və onun ən yaxın qohumu olan Asiya filinin DNT-sini müqayisə edib. Onlar tüklərin müxtəlif xüsusiyyətlərinə və yağ mübadiləsinə cavabdeh olan bir neçə genetik variasiyanı müəyyən edib. Daha sonra bu variasiyaların laboratoriya siçanlarının DNT-sindəki ekvivalentlərini taparaq genlərin redaktəsi üzərində eksperimentlər aparıb.
Nəticədə alimlər qızılı-qəhvəyi tüklü, metabolizmi və xarici görünüşü adi siçanlardan xeyli fərqlənən tüklü siçanlar əldə edib. Eksperiment müəllifləri özlərinin də heyvanların nə dərəcədə "valehedici" alınacağını gözləmədiklərini bildirib.
Şirkət bu yeni növü "kolossal yunlu siçanlar" adlandırıb ("Colossal Biosciences" şirkətinin adından götürülərək). Bu, tədqiqatın ilk mərhələsidir və alimlər gələcəkdə tüklü mamontabənzər fillər yaratmaqla yanaşı, dodo quşu və Tasmaniya canavarı kimi nəsli kəsilmiş digər heyvanları da dirçəltmək istəyir.
"Colossal" hesab edir ki, onun yetişdirdiyi yunlu siçan alimlərə müəyyən DNT ardıcıllıqları ilə fiziki xüsusiyyətlər arasındakı əlaqəni araşdırmağa imkan verəcək. Bu xüsusiyyətlər mamontlara soyuq iqlimə uyğunlaşmağa kömək edə bilər. Şirkət gələcəkdə fil genomun redaktəsi ilə məşğul olmağı planlaşdırır.
"Zamanla biz soyuğa uyğunlaşmış fillər nəsli yetişdirəcəyik və onları vəhşi təbiətə qaytara biləcəyik. Onlar bir-biri ilə cütləşə biləcək" , "Colossal Biosciences"in həmtəsisçisi və icraçı direktoru Ben Lem bildirib.
O, ilk genetik modifikasiya olunmuş mamontabənzər fil balasının 2028-ci ildə doğulacağına ümid edir. Bunun üçün genetik modifikasiya olunmuş embrionun 2026-cı ilin sonuna qədər hazır olması lazımdır.
Bu layihə tənqidçilərsiz ötüşməyib. Londondakı Frensis Krik İnstitutunun kök hüceyrə biologiyası və genetika laboratoriyasının rəhbəri bildirib ki, genetik modifikasiya olunmuş siçanların soyuğa davamlı olub-olmadığı hələ bəlli deyil.
"Bizdə, sadəcə, sevimli görünən tüklü siçanlar var, amma onların fiziologiyası, davranışı və digər xüsusiyyətləri barədə anlayışımız yoxdur. Bu, bizi fillərə mamont xüsusiyyətləri verə biləcəyimizi anlamağa yaxınlaşdırmır və biz biologiya haqqında hələ çox az şey bilirik", - o, vurğulayıb.
Montana Universitetinin vəhşi təbiət və ətraf mühit üzrə mütəxəssisi Kristofer Preston isə hesab edir ki, "Colossal" nə əldə edirsə-etsin, bu, nəsli kəsilmiş bir növün dirçəldilməsi sayıla bilməz. Onun fikrincə, alimlər yalnız mamontun və digər növlərin qeyri-tam təsəvvürə əsaslanan bənzərini yaratmağa nail ola bilər.