Dünya
330
17:36, Bu gün

"ABŞ Ukraynanı "kor etmək" istəyir, lakin bu, işləməyəcək" - "Forbes"

"Kəşfiyyat məlumatlarının ötürülməsinin dayandırılması Ukraynaya necə təsir edəcək?.."
 
Ukraynanı həyati əhəmiyyətli kəşfiyyat məlumatlarından təcrid etməklə ABŞ eyni zamanda xüsusilə kosmosda özünü də təcrid edir. Bununla belə, bu, Ukraynanın Rusiya raket zərbələrindən mülki əhalini qorumaq səylərini dayandırmayacaq, lakin onları çətinləşdirə bilər.
 
Moderator.az xəbər verir ki, bu barədə "Forbes" nəşri yazıb.
 
Bundan başqa, nəşr vurğulayır ki, Ukraynanın Avropadakı müttəfiqləri də ABŞ-la müqayisədə daha kiçik miqyasda olsa da, oxşar kosmik imkanlara malikdir. Eyni zamanda, kommersiya şirkətləri də bu sahədə xidmətlər göstərir. Məsələn, Ukrayna hələ 2022-ci ildə Finlandiyanın "Iceye" şirkətindən 17 milyon dollara radar müşahidə peyki icarəyə götürüb.
 
İki il sonra Almaniya "Rheinmetall" və "Iceye" şirkətləri vasitəsilə Ukraynanın kosmik müşahidə imkanlarını genişləndirmək üçün vəsait ayırıb. Niderland isə ABŞ-ın "Maxar" şirkətinə 13 milyon dollar ödəyərək, müntəzəm olaraq dünyanın demək olar ki, bütün səthini çəkən peyklərdən görüntülərə çıxış əldə edib.
 
Məlumata görə, Niderland bu görüntüləri 2024-cü il memorandumuna əsasən Ukrayna ilə paylaşır. Bundan əlavə, Ukrayna Böyük Britaniya, İtaliya və Fransa kimi Avropanın aparıcı kosmik güclərindən də kosmik məlumatlar alır. Polşa isə "Starlink" xidmətlərini maliyyələşdirir və sistemin Ukraynaya girişinin bloklanması ilə bağlı xəbərlərə baxmayaraq, bu maliyyələşdirməni davam etdirəcəyini təsdiqləyib.
 
Bundan əlavə, hazırda Fransa-Böyük Britaniya şirkəti olan "Eutelsat" Avropa İttifaqı ilə Ukraynaya xidmətlərin göstərilməsi barədə danışıqlar aparır.
 
ABŞ-ın Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini məhdudlaşdırmaqla özünü necə "təcrid edə biləcəyi" məsələsinə gəlincə, burada söhbət ondan gedir ki, ABŞ ordusu və xüsusi xidmət orqanları bütün kəşfiyyat məlumatlarını təkbaşına əldə etmir, onlar, xüsusilə Avstraliya, Kanada, Yeni Zelandiya, Böyük Britaniya və ABŞ-ın daxil olduğu "Five Eyes" alyansı vasitəsilə məlumat mübadiləsindən də faydalanır.
 
Lakin ABŞ prezidenti Donald Trampın rəhbərliyi altında bu alyansın dağılma ehtimalı var. Çünki Kanadaya qarşı ticarət müharibəsinin qızışdığı və Kanadanı ABŞ-ın 51-ci ştatı etməklə bağlı qəribə bir ideyanın ortaya çıxdığı bir vaxtda, Trampın müşaviri Piter Navarro Kanadanın "Five Eyes" alyansından çıxarılmasını təklif edib ki, bu da bütün üzvlərə zərər vura bilər.
 
Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsinin dayandırılması ilə bağlı başqa nə məlumdur?
 
Bundan öncə xəbər verilib ki, Trampın təsiri nəticəsində NATO üzvləri arasında kəşfiyyat məlumatlarının mübadiləsi təhlükə altına düşüb.
 
Qeyd edilir ki, vəziyyət artıq Macarıstan və Slovakiyanın Rusiyayönümlü mövqeyi səbəbindən çətinləşib,  lakin indi ABŞ-ın Rusiya ilə yaxınlaşması fonunda Vaşinqtonla kəşfiyyat məlumatlarını bölüşməyin nə dərəcədə təhlükəsiz olduğu ilə bağlı narahatlıqlar yaranıb.
 
Bundan əlavə, ekspert Ukraynanın ABŞ-dan kəşfiyyat məlumatlarının itirilməsini necə kompensasiya edə biləcəyini izah edib: "Bizim bunu kompensasiya edəcək imkanlarımız var. Lakin ABŞ-ın sərəncamında olan nəhəng peyk qrupunu tam şəkildə əvəz edə bilmərik", - Stupak bildirib.
Link kopyalandı!
Son xəbərlər