Dünya
295
17:23, Bu gün

"Rusiya təkcə Ukraynaya deyil, bütün Avropaya təhlükə törədir" - Fransa prezidenti

Makron Ukraynada "kövrək atəşkəsə" qarşı çıxıb və Avropa İttifaqının nüvə çətiri barədə danışıb
 
Fransa pezidenti Emmanuel Makron ön şərtlər və təhlükəsizlik zəmanətləri olmadan Ukraynada tez bir zamanda atəşkəs elan etmək ideyasını rədd edib.
 
Moderator.az xəbər verir ki, bu barədə o, xalqa müraciətində bəyan edib. Məlumatı BFMTV nəşri yayıb.
 
Makron ölkəsinin və bütün Avropanın qarşılaşdığı çağırışlar, eləcə də nüvə caydırıcılığı mövzusuna toxunub.
 
Makron Rusiyanın həm Fransaya, həm də ümumilikdə Avropaya təhlükə yaratdığını vurğulayıb. O, Ukraynadakı müharibənin bütün Avropa ölkələri üçün təhlükəli olduğunu bildirib: "Əgər Avropada bir ölkə cəzasız şəkildə qonşusuna hücum edə bilirsə, deməli, heç kim artıq heç nədə əmin ola bilməz. Rusiya təhlükəsi mövcuddur və Avropa ölkələrini təsirləndirir", - Fransa lideri bəyan edib.
 
Bundan əlavə, Makron Ukraynada təhlükəsizlik təminatları olmadan atəşkəsə nail olmaq ideyasını rədd edərək, "sülh Rusiyanın diktəsi ilə qurula bilməz" deyib. Bununla belə, o, Ukraynada dayanıqlı sülhə doğru atılan real addımları dəstəklədiyini bildirib: "Sülhə töhfə verən bütün təşəbbüslər doğru istiqamətdə irəliləyir və bu axşam mən onlara hörmətimi bildirmək istəyirəm", - Makron əlavə edib.
 
Avropa Ukraynaya qoşun göndərə bilərmi?
 
Makron Ukraynaya Avropa qüvvələrinin göndərilməsi ideyasına da toxunub. Onun sözlərinə görə, bu, yalnız atəşkəsdən sonra mümkün ola bilər: "Ukraynada sülh, bəlkə də, Avropa qüvvələrinin yerləşdirilməsini tələb edəcək. Onlar bu gün cəbhə xəttində döyüşmək üçün deyil, sülh sazişinin tam yerinə yetirilməsini təmin etmək üçün orada olacaqlar".
 
Bundan əlavə, Fransa prezidenti gələn həftə Parisdə Ukraynada gələcək sülhü təmin etməyə hazır olan ölkələrin baş qərargah rəislərinin toplaşacağını elan edib.
 
Makron həmçinin Fransanın Avropa müdafiəsində xüsusi statusa malik olduğunu xatırladaraq, ölkəsinin nüvə silahına sahib olmasının bu məsələdə mühüm rol oynadığını vurğulayıb. O qeyd etdi ki, "nüvə qüvvələrinin idarə edilməsi həmişə prezidentin əlində olub və elə də qalacaq".
 
Fransa lideri Avropa müttəfiqlərini ABŞ-ın nüvə çəkindirməsindən daha az asılı olmağa çağıraraq, Fransa nüvə qüvvələrinin qorunması ilə bağlı strateji müzakirələr aparmağı təklif edib.
 
Avropanın müdafiəsinə əlavə investisiyalar
 
Makron Fransa və digər Avropa ölkələrinin müdafiəsinə əlavə investisiyalar ayrılacağını da açıqlayıb. O, sabah Brüsseldə Avropa İttifaqı liderlərinin xüsusi sammitinin keçiriləcəyini xatırladaraq deyib:
 
"Biz qəti addımlar atacağıq. Bir neçə qərar qəbul ediləcək. Üzv dövlətlər hərbi xərclərini artırmaq imkanı əldə edəcək və bu, onların büdcə kəsirinə təsir etməyəcək".
 
Ukraynaya sülhməramlı qüvvələrin göndərilməsi barədə müzakirələr
 
Bundan öncə məlum olub ki, Fransa əhalisinin 60 faizdən çoxu Ukraynaya hərbi yardımı və sülhməramlıların göndərilməsini dəstəkləyir. Fransa vətəndaşları, həmçinin, ABŞ prezidenti Donald Trampın Ukrayna lideri Vladimir Zelenski ilə gərginliyi qızışdırdığını və ABŞ-ın artıq onların müttəfiqi olmadığını düşünür.
 
Eyni zamanda, Avstraliya baş naziri Entoni Albanese Ukraynanı dəstəklədiklərini və sülhməramlı qüvvələr göndərmə ehtimalını nəzərdən keçirməyə hazır olduqlarını açıqlayıb. Digər tərəfdən, İtaliya belə bir addımı rədd edib.
Link kopyalandı!
Son xəbərlər